Vasitəçilərsiz sülhə doğru

Tarix: 19:17 11.07.2025
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Abu-Dabidə baş tutan görüş təkcə regional deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətində oldu. Bu görüş birbaşa formatda, yəni heç bir vasitəçi olmadan keçirildi və tərəflər danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu bəyan etdilər. Bu isə uzun illərdir davam edən münaqişənin həlli istiqamətində ümidverici dönüş nöqtəsi kimi qiymətləndirilir.
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin və Prezidentin mətbuat katibi Dmitri Peskov Moskvanın danışıqlara tam dəstək verdiyini açıqlayıblar. Qaluzin 2020 və 2022-ci illərdə imzalanan üçtərəfli razılaşmalara əsaslanaraq, sülh müqaviləsinin hazırlanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin müəyyənləşdirilməsi və ictimai dialoqun qurulmasının vacibliyini vurğulayıb.
Lakin Caliber.az-ın təhlilində qeyd olunur ki, bu bəyanatlar gerçək vəziyyəti əks etdirmir. Rusiyanın son illərdə həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri ciddi şəkildə soyuyub. Xüsusilə AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması və rəsmi Moskvanın buna görə üzr istəməməsi ikitərəfli münasibətlərə ciddi zərbə vurub.
ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Bryus Cənubi Qafqazda sülh və sabitlik təşəbbüslərinə dəstək verdiklərini açıqlayıb. Lakin bu bəyanat da Rusiya kimi, real proseslərə təsir imkanları baxımından zəif görünür. Fransa isə bu mövzuda hələlik səssiz qalır. Ekspertlər bunu Parisin ya Ermənistanın son mövqeyinə görə incikliyilə, ya da proseslərə təsir gücünü itirməsi ilə əlaqələndirirlər.
Caliber.az qeyd edir ki, məhz Moskva, Vaşinqton və Parisin prosesdən kənarda qalması səbəbindən bu görüş Abu-Dabidə baş tutdu. Bu, tərəflərin artıq vasitəçilərə ehtiyac duymadığını və gələcəkdə sülhə yalnız birbaşa dialoq yolu ilə nail olunacağını göstərir.
Caliber
Billurə Quliyeva