Rusiyanın bəzi hava limanlarında məhdudiyyət

Bölmə: Siyasət › ,
Tarix: 19:18 11.07.2025

Rusiyanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Rəsmi məlumata görə, bu addım Moskva üzərində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, dron hücumlarının başlıca məqsədi Rusiya ictimaiyyətini qorxutmaq, insanlar arasında təhlükə hissiyyatı yaratmaq(əsasən də rus əhalisi arasında), Rusiya hökümətinə qarşı güvənsizlik yaratmaq, hökümətin bu cür təhlükələr qarşısında aciz olduğunu göstərməkdir:


"Dronu uçuran Ukrayna Ordusu öz məqsədinə çatıb. İnsanların tətil aylarında Rusiyanın digər şəhərlərinə və ya xarici ölkələrə uçmağa ehtiyacı olduğu bir dönəmdə uçuşların qadağan edilməsi birinci növbədə orada yaşayan vətəndaşlara zərbə vurur. Biletlər alınıb, tətil planlanıb, otellər rezervasiya edilib, amma insanlar uçuş edə bilmirlər. Əlbəttə ki, bu Rusiyanın daxili siyasətində öngörülmüş bir şey deyil. Rusiya uçuşları dayandırmaqla Ukrayna dronlarına qarşı özünün milyard dollarla dəyəri olan S-300, S-400, S-500 raketlərinin heç bir işə yaramadığını bir daha sübut edir. Beləliklə, Rusiya Ukraynanın təhdidləri qarşısında acizliyini bir daha bütün dünyaya göstərmiş olur. Beynəlxalq münasibətlər fonunda bu kimi qərarlar əlbəttə ki, Rusiyanın diplomatik mövqeyinə də təsir göstərə bilər. Uçanlar təkcə Rusiya vətəndaşları deyil, xarici vətəndaşlar, xarici ölkələrin diplomatları, müxtəlif mal, xidmət və yaxud digər məsələlər də uçuşlardan asılıdır. Bütün bunların hamısı təxirə salındığı zaman, təbii ki, Rusiyanın həm xarici siyasətinə, həm də diplomatik mövqeyinə də mənfi təsirini göstərəcək. Nəhayət, nəticə etibarı ilə vətəndaşlar başda olmaqla, bir çox dövlətlər Rusiyanın bu cür məsələlərə son qoymasını, artıq dronların qarşısında aciz qalan Rusiya aviyasiya xidmətlərinin işini bərpa etməsini tələb etməsini və Ukrayna ilə danışıqlar apararaq müharibənin saxlanmasını tələb edəcklər. Bu qaçınılmaz, vaz keçilməz bir nəticədir. Amma Rusiya bu nəticəyə uzun yolla gedir və bunu qısa yolla həll etmək fikri yoxdur".


Billurə Quliyeva