Trampın qərarına Rusiyadan “yumşaq” cavab

Bölmə: Siyasət › ,
Tarix: 19:23 11.07.2025

ABŞ-nin Kiyevə silah tədarükünün bərpası münaqişənin diplomatik yollarla həllinə kömək etməyəcək.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirir ki, ABŞ-nin Ukraynaya silah tədarükünü yenidən başlatmaq qərarı, Donald Trampın administrasiyası dövründə münaqişəyə yanaşmanın daha sərt konturlar alacağını göstərir:

 

“Bu qərar faktiki olaraq danışıqların bir müddət “taktiki pauza” rejimində qalmasına səbəb ola bilər, çünki Rusiya bu addımı təhdid kimi qəbul edir və qarşılığında həm hərbi, həm də siyasi ritorikasını artırır. Kreml hələlik “yumşaq” dildə danışsa da, əslində bu ritorika ilə beynəlxalq aləmdə özünü sülh tərəfdarı kimi təqdim etməyə, lakin arxa planda mövqelərini qorumağa çalışır. Belə şəraitdə BMT-nin və ATƏT-in vasitəçilik imkanları nəzəri olaraq aktual qalsa da, praktikada bu qurumların rolunun məhdudluğu aydındır. Çünki tərəflər – xüsusilə də Moskva – BMT platformasında qərblə bərabər əsas oyunçularla dialoqa açıq deyil. Bununla belə, gələcəkdə regional formatlarda, məsələn, Avropa İttifaqı və neytral ölkələrin iştirakı ilə texniki vasitəçilik formatları gündəmə gələ bilər. Trampın qərarına cavab olaraq NATO və Avropa İttifaqı daha çox koordinasiyalı müdafiə yanaşmasına üstünlük verə bilər. Yəni birbaşa eskalasiyaya getməkdənsə, Ukraynaya hərbi, maliyyə və diplomatik dəstəyi sistematik və ardıcıl şəkildə davam etdirmək əsas strategiyaya çevrilə bilər. Eyni zamanda, Trampın mövqeyi NATO daxilində fikir ayrılıqlarını da kəskinləşdirə bilər. Xüsusilə də Şərqi Avropa ölkələri ilə daha praqmatik mövqe tutan Qərbi Avropa arasında daha da kəskinləşə bilər. ABŞ-nin Ukraynaya silah göndərməsi ilə sülhə paralel nail olunması isə prinsipcə mümkündür. Lakin bu yalnız o halda baş verə bilər ki, silah dəstəyi təzyiq vasitəsi kimi, yəni diplomatik masada daha güclü mövqe qazanmaq üçün istifadə olunsun. Əgər hər iki tərəf – həm Qərb, həm də Rusiya – bu silahlanmanı kompromisə məcbur edən mexizm kimi qəbul edərsə, bu, sonda sülhə aparan bir vasitəyə çevrilə bilər. Əks halda isə silahlar danışıqlardan çox cəbhədə danışacaq”.


Aysel Mirzəyeva