Zəngəzur dəhlizi ilə bağlı yeni razılaşma iddiası

Bölmə: Siyasət › ,
Tarix: 20:20 11.07.2025

Cənubi Qafqazda siyasi dinamika yenidən gündəmə gəlib. Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən mümkün müqavilə və Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumatlar regional və beynəlxalq səviyyədə maraq doğurub. Ermənistan mətbuatı iddia edir ki, razılaşma dekabr ayında rəsmiləşdirilə bilər və bu, ölkə daxilində ciddi siyasi dəyişikliklərə səbəb olub.

 

Məsələ ilə bağlı Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinə Rusiyanın federal xidməti tərəfindən nəzarət olunmalı və Azərbaycan vətəndaşlarının, həmçinin yüklərinin maneəsiz keçidi təmin edilməli idi:

 

"Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya prosesi əsasında və sülh sazişinin layihəsinin təqdimatı nəticəsində biz bu 9-cu maddədən geri çəkildik. Çünki bu,regionun maraqlarına uyğun deyildi. Bildiyiniz kimi, Abu Dabi-də Azərbaycan nümayəndəsi və Ermənistan nümayəndəsi tərəfindən keçirilən görüş əsasında,verilən məlumatlara görə sülh sazişinin maddələri və kommunikasiya məsələləri müzakirə predmeti oldu. Belə ki, verilən məlumata görə hər iki tərəf, bu dəhlizin idarəçiliyinin Amerika şirkətlərinə verilməsi ilə bağlı ilkin razılığa gəliblər. Biden hökumətindən fərqli olaraq, Respublikaçı Tramp hakimiyyəti bölgədə, yəni Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır və birbaşa ABŞ administrasiyasının dövlət katibi bununla bağlı bəyanat yayıb. Belə olan təqdirdə, bu bölgədə əmin-amanlığa və sülhə nail olmaq məqsədi güdülür. Əlbəttə ki, tərəflər həmin dəhlizin Amerika şirkətlərinə verilməsinə razı ola bilərlər və həmin dəhlizin təhlükəsizliyini təmin etmək baxımından da,bu yaxın bir NATO dövlətinə verilə bilər – bu da Türkiyə ola bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, Zəngəzur dəhlizinin idarəçiliyi ABŞ şirkətlərinə verilərsə və təhlükəsizliyi NATO, yəni Türkiyə qoşunları tərəfindən nəzarətə götürülərsə,əlbəttə ki, bu bölgəyə Rusiyanın daxil olması çətin olacaq:

 

"Qaldı ki, Ermənistanın daxilində – əlbəttə ki, Ermənistanın daxilində, həm orduda, həm də müxalif qüvvələrdə Rusiya tərəfindən və ya digər üçüncü qüvvələr tərəfindən idarə olunan qüvvələr var ki, onlar belə bir razılaşmanın – Azərbaycanla Ermənistan arasında bağlanacaq razılaşmanın qarşısını almağa çalışacaqlar. 

Ancaq nəzərə alsaq ki, Paşinyan hakimiyyəti 2026-cı ili gözləmədən artıq bu prosesə qarşı olanlara qarşı cinayət işləri açmağa başlayıb və Ermənistanda kilsəyə və bu "5-ci kanal"a qarşı kifayət qədər sərt mövqe nümayiş olunub belə ehtimal edə bilərik ki, Paşinyan hakimiyyəti əvvəlcədən bunun qarşısını almağa çalışır. 

Əlbəttə ki, bu dəhliz məsələsi regionun infrastrukturunu dəyişən bir proses olduğuna görə, bu iki dövlətin razılığı çox önəmli xarakter daşıyır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, əlbəttə ki, Zəngəzur dəhlizinin, ABŞ şirkətinin nəzarətinə verilməsi nə Rusiyanın, nə də İranın maraqlarına uyğun deyil. Belə olduğu təqdirdə, əlbəttə ki, bu, Ermənistan–İran və Ermənistan–Rusiya münasibətlərinə təsir edən bir faktor olacaqdır".

 

Gülhüseynova Güllər