HƏMAS-la razılaşmaya yaxınıq -Netanyahu

Bölmə: Siyasət › ,
Tarix: 20:13 11.07.2025

HƏMAS və İsrail Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxınlaşır.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İsraillə Həmas arasında qarşıdurma vəziyyəti davamlı xarakter almışdır:

 

“İsrail xüsusilə son dövrlərdə daha fəal şəkildə Həmasın mövqelərinə hücumlar edirdi. Hesab edirəm ki, ABŞ rəsmilərinin də qeyd etdiyi kimi, İsraillə Həmas arasında sülh imkanlarının mövcudluğu regionda vəziyyəti dəyişə bilər. Və vurğulamaq lazımdır ki, bu həm də İsrail-İran qarşıdurmasının hərbi qarşıdurmasından sonra cərəyan edən proseslərdir. Bu günlərdə ABŞ-lə İran arasında nüvə danışıqlarının bərpa olunması imkanları haqqında danışılır. ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkov Osloda İranın Xarici İşlər Naziri Araqçı ilə görüşü zamanı da məsələ ətrafında müzakirə aparıbdır. Yaxın Şərqdəki proseslərdə İranın çox aktiv rolu var, təsir imkanları var. Düşünürəm ki, bu proseslər bir biri ilə üzvü şəkildə əlaqəlidir. Bu baxımdan Həmasla İsrail arasında qəzada atəşkəsin əldə olunması, girovların dəyişdirilməsi istiqamətində addımların atılması regiondakı vəziyyət üçün çox əhəmiyyətlidir”.


Həmçinin şərhçi qeyd edib ki, bütün hallarda İsraillə ABŞ arasında sabit münasibətlər mövcuddur:

 

“İsraillə ABŞ öz addımlarını koordinasiya edirlər. Amma ABŞ-nin yeni prezidenti Donald Tramp özünün imicini sülh yaradan lider kimi formalaşdırmaq istəyindədir. O baxımdan onun müxtəlif coğrafiyalarda münaqişə vəziyyətləri ilə bağlı sülh çağırışları bir nəticəyə gətirib çıxarırsa, o zaman Amerika rəhbəri bundan məmnun olur. ABŞ Qəzza bölgəsində də sülhün tərəfdarı olduğunu bildirir. Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın yanaşması ondan ibarətdir ki, o, həm Ukrayna istiqamətində, həm Yaxın Şərq istiqamətində, atəşkəs rejiminin əldə olunmasının tərəfdarıdır. Tramp bunun üçün əlindən gələni etməyə çalışır. Bu baxımdan hesab edirəm ki, Həmasla İsrail arasında bir dialoq mühitinin formalaşmasını ABŞ öz aktivinə qələbə kimi yaza bilər. Sözsüz ki, bu da ABŞ-lə İsrail arasında münasibətlərdə müəyyən təsirini göstərə bilər. Amma əgər münaqişə elementləri tam aradan qaldırılarsa, bu bütövlükdə Yaxın Şərq üçün yeni bir tarixi səhifənin açılmasını şərtləndirəcəkdir. Bildiyimiz kimi, BMT-nin də vaxtilə qəbul olunan qərar ondan ibarət olubdur ki, iki dövlətin yaradılması prinsipi əsasında həll olunmalıdır. Düşünürəm ki, Fələstin və İsrail dövlətinin yaradılması nəzərdə tutulur. Bütün açıq qalan məsələlər müzakirə olunarsa və gələcəkdə də münaqişə ehtimallarını tam aradan qaldıracaq. Reallıqlar formalaşarsa, o zaman regionda dayanıqlı sülh əldə oluna bilər”.


Aysel Mirzəyeva