“Uşağın hər ehtiyacına dərhal cavab vermək düzgün tərbiyə üsulu deyil”

Tarix: 21:02 11.07.2025
Valideynlərin övladlarının hər istəyinə və ehtiyacına dərhal reaksiya verməsi ilk baxışda qayğıkeşlik kimi görünsə də, bu yanaşmanın uzunmüddətli mənfi təsirləri ola bilər.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova “İnformator.az” saytına açıqlamasında bildirib ki, sağlam psixoloji inkişaf üçün uşağın valideynləri ilə təhlükəsiz bağ qurması vacibdir:
"Bu bağlanma uşağın emosional sabitliyi, güvən hissi və sosial bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Uşağın hər çətinliyində ona dərhal yardım göstərmək, onun müstəqillik və özünü tənzimləmə bacarıqlarını zəiflədə bilər.
Əgər uşaq hər dəfə çətinlik qarşısında dərhal yardım alırsa, zamanla bu, onun problemlə müstəqil mübarizə aparmaq vərdişini azaldır. Uşaq daxili həll yolları axtarmaqdansa, daima kənardan dəstək gözləyir. Valideynlə uşaq arasında sosial sinxronluğun olması – yəni emosional və davranış uyğunluğu – beynin inkişafı və sosial tənzimləmə bacarıqları üçün olduqca əhəmiyyətlidir. Valideynin uşağın hisslərini, jestlərini və reaksiyalarını düzgün oxuyaraq uyğun şəkildə cavab verməsi, empatiya və sosial uyğunlaşma qabiliyyətlərinin təməlini qoyur. Valideynlər burada balansı qorumağı bacarmalıdırlar. Nə uşağın ehtiyaclarını görməməzlikdən gəlmək doğrudur, nə də hər zaman onun yerinə problemləri həll etmək. Uşağa müşahidə imkanı vermək, ona sınaq və öyrənmə fürsətləri yaratmaq daha sağlam inkişaf mühiti yaradır. Uşağın ehtiyaclarına qarşı duyarlı olmaqla yanaşı, onu sərbəst, özünə güvənən və məsuliyyətli bir şəxsiyyət kimi yetişdirmək üçün də şərait yaratmaq olduqca önəmlidir".
Ayan Əsgərova