300 milyon dollar yardım savaşda dönüş yaratmayacaq

Tarix: 21:27 11.07.2025
ABŞ Prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə prezident səlahiyyətlərindən Ukraynaya silah tədarük etmək üçün istifadə etməyi planlaşdırır.
Qeyd olunur ki, bu, ABŞ prezidentinin Ukraynanı qorumaqda yeni marağından xəbər verir. Bu proqram çərçivəsində Amerika ehtiyatlarından hansı silahların Ukraynaya göndərilə biləcəyini Trampın komandası müəyyən edəcək.
Mənbələrdən biri bildirib ki, tədarük ediləcək silahlar təxminən 300 milyon dollar dəyərində ola bilər.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır:
“Bunu gizlətmir, dəfələrlə açıq formada bəyan edib. Burada əsas məqsəd Rusiya-Çin-Şimali Koreya ittifaqını inkişafına əngəlləməkdir. Beləliklə, Çinlə ticari savaşda Rusiyanın Çinə dəstək verməməsinə nail olmaqdır. Pekin-Vaşinqton arasındakı gedəcək ticari savaş üçün Birləşmiş Ştatların maraqlarını özündə ehtiva edən uyğun beynəlxalq zəmin yaratmağa hesablanır. Bütün bunlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatların məqsədi münaqişədə Avropa İttifaqının planlarının alətinə çevrilməmək, öz maraqları kontekstində çıxış etməkdir. Ona görə də Birləşmiş Ştatların Ukraynaya kütləvi hücum silahlarının verməsi inandırıcı deyil. Sadəcə olaraq, Putinin maksimalist yanaşmasını əngəlləmək, Rusiyanın Ukrayna ilə bağlı Birləşmiş Ştatların maraqlarını təhdid edən fəaliyyətinə əngəlləmək üçün Rusiyaya qarşı təzyiq alətləri formalaşdırmağa çalışa bilər. İlkin olaraq, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi mümkündür. Bu istiqamətdə Birləşmiş Ştatlar adminstrasiyadan müxtəlif zamanlarda açıqlamalar verilib. Putinin maksimalist mövqeyi Trampın planları ilə üst-üstə düşmür. Eyni zamanda Birləşmiş Ştatlar daxili ictimai rəyində Trampa qarşı mənfi münasibətin yaranmasına gətirib çıxarır. Ona görə də Tramp böyük ölçüdə olmasa da, Rusiyaya qarşı müxtəlif təzyiq xarakterli addımlar ata bilər. Bunun Rusiyanın Ukrayna savaşında məğlub edilməsi və Avropa İttifaqının, Bayden adminstrasiyanın planlarına uyğun olaraq həyata keçirilməsi inandırıcı deyil”.
Əli Zülfüqaroğlu qeyd edib ki, 300 milyon dollar dəyərində yardımın verilməsi savaşda dönüşə səbəb ola bilməz:
“Bu çox kiçik bir rəqəmdir. Ona görə də Ukrayna savaşı ilə bağlı Birləşmiş Ştatlar Tramp adminstrasiya kəskin dəyişiklik etməyəcək. Diplomatik təmasların qalması və eyni zamanda Rusiya ilə münasibətlərin kəskinləşməməsinə çalışacaq. Amma Birləşmiş Ştatların əlində Rusiyaya qarşı çox ciddi təzyiq var. Ukraynaya silah yardımı, müxtəlif istiqamətlərdə hərbi, siyasi dəstəyin verilməsi, eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirməsi Rusiyanı daha çətin vəziyyətə qoya bilər. Ona görə də Rusiya Trampın maraqlarına qarşı uzun müddət çıxa bilməz. Rusiyanın maksimalist yanaşması Ukraynanı kompilyasiyaya məcbur etmə planları özünü doğrultmayacaq. Burada Birləşmiş Ştatların maraqlarının təmin olunması daha perspektivli görünür. Atəşkəsin əldə olunması Trampın əsas maraqlarından biridir. Amma Putin buna getmədi. Rusiya uzun müddət maksimalist mövqeyində qala bilməz. Birləşmiş Ştatların bundan sonra atacağı addımlar Ukrayna savaşının hansı məcrada davam etməsi ilə bağlı həlledici amil olacaq”.
Nuray Əliyeva