Əbu-Dabi görüşü 3-cü saatına keçib

Bölmə: Siyasət › ,
Tarix: 21:39 11.07.2025

 

Azərbaycan Prezidenti ilham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Abu-Dabidə görüşü başlayıb.

 

İki saat davam edən görüşdən sonra nümayəndə heyətləri görüş otağından ayrılıb və Əliyevlə Paşinyan hazırda müzakirələri təkbətək savam etdirirlər.Görüş və geniş müzakirələr Abu-Dabidə sülhlə bağlı hansısa sənədin imzalanacağını gündəmə gətirib.OMM-un əldə etdiyi məlumata görə, görüşdə sülh müqaviləsi imzalanmayacaq, amma sülh sazişi müzakirə olunacaq. Habelə görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin əsas prioritet olduğu bildirilib.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanmasında əsas maneələrdən biri Zəngəzur dəhlizinin açılmasıdır:

 

“Mənim fikrimcə, sülh sazişinin imzalanmasında əsas əngəllərdən biri məhz Zəngəzur dəhlizinin açılması məsələsidir. Yəni, tərəflər arasında bununla bağlı əvvəldən ziddiyyət mövcuddur. Lakin son məlumatlar göstərir ki, tərəflər bu məsələdə ortaq bir mövqeyə gələ bilərlər. Çünki indiyə qədər Azərbaycan 10 noyabr razılaşmasının doqquzuncu maddəsinə uyğun olaraq Zəngəzur dəhlizinin birbaşa verilməsini tələb edib. Bu maddədə təhlükəsizlik Rusiya tərəfindən təmin edilir, vurğulanır. Amma son proseslər göstərir ki, bu maddə artıq arxa plana keçib. İndi tərəflər fərqli bir yol izləyirlər. Burada Azərbaycan üçün əsas məsələ Naxçıvana maneəsiz keçidin verilməsidir. Təbii ki, Ermənistan tərəfi istəyir ki, burada suverenlik prinsipini qorusun. Xüsusən Rusiyanın burada iştirakına qarşı olub. Azərbaycan tərəfi üçün hazırda bu məsələ prioritet təşkil etmir. Azərbaycan üçün əsas prioritet məsələ Naxçıvana maneəsiz keçidin verilməsidir və bununla bağlı bilirik ki, daha öncə də belə bir şey gündəmdə var idi. Bu, Kalininqrad modelinin tətbiq edilməsi və yaxud da Abxaziya və Osetiyaya yükdaşımaları məsələsində müəyyən bir model var. Burada İsveç şirkətinin təhlükəsizliyi qoruyur, proses həyata keçirir və tərəflər davamlı məlumatlar verir. Əvvəllər belə bir razılaşma olub. Dünyada bu və bu kimi modellər, nümunələr mövcuddur. Azərbaycan və Ermənistan arasında bu məsələ daha öncə gündəmdə olub. Xüsusən Avropa İttifaqı tərəfindən irəli sürülüb. Yəni bu prinsip Azərbaycandan Azərbaycana prinsipinin tətbiq edilməsidir. Yəni Naxçıvan Azərbaycan ərazisi olduğu üçün Ermənistanın Mehridən keçəcək yolu Azərbaycandan Azərbaycana prinsipi üzrə tətbiq olunmalıdır. Yəni bu o deməkdir ki, Azərbaycana daşınan yüklər və gedən sərnişinlər burada heç bir yoxlanışa məruz qalmır. Heç bir gömrük məntəqəsindən keçmir. Maneəsiz şəkildə keçir, yüklər daşınır. Həmin bu yoldan, bu marşrutdan istifadə edəcək üçüncü ölkələr həm Rusiya ola bilər, həm İran ola bilər, həm Mərkəzi Asiya ölkələri ola bilər. O cümlədən, Türkiyənin Mərkəzi Asiyaya çıxışı ola bilər. Yəni üçüncü ölkələr buradan istifadə edərkən, yəni Ermənistanın qanunvericiliyinə əsasən, həm gömrük rüsumu ödəyir, həm sərhəd yoxlanışından keçir. Yəni bu məsələ aktualdır və Amerikanın təklifləri ilə əlaqəli mediada yayılan məlumatlar da göstərir ki, Amerika tərəfi bu kontekstdə yanaşır məsələyə və tərəflərə bu cür təklif edir. Təbii ki, burada detallar müzakirə edilməlidir və zaman-zaman dəyişə bilər”.

 

Ekspert ən böyük problemlərdən birinin təhlükəsizliyin qorunması olduğunu qeyd edib:

 

“Xüsusən, ən böyük problem burada təhlükəsizliyin necə qorunmasıdır. Amerika tərəfinin istəyi belədir ki, orada Amerika hansısa formada təmsil olunsun, güman ki, özəl şirkət adı altında. Bölgədə üçüncü bir tərəfin bu və ya digər formada iştirakı digər tərəflərin, məsələn, Amerika iştirak edəcəksə, Rusiyanın da bu prosesə müdaxiləsinə zəmin yaradır. Amma burada tərəflər ikitərəfli formatda məsələni müzakirə edib, həll edə bilərlər. Məsələn, Naxçıvana maneəsiz keçid Azərbaycandan Azərbaycana prinsipi üzrə verilir və tərəflər öz aralarında təhlükəsizlik məsələsini razılaşdırırlar. Yəni bu daha unikal kimi görünür. Hesab edirəm ki, Əbu-Dabi görüşündə bu da daxil olmaqla, sülh gündəliyinin vacib məsələləri müzakirə edilib. Təbii ki, yekun sülh sazişinin imzalanması üçün konkret şərtlər var. Bu Azərbaycan və Ermənistan arasındakı əsas ziddiyyətli məqamlardan biri Zəngəzur dəhlizinin- kommunikasiyanın hansı prinsiplə açılmasıdırsa, digər məsələ sərhədin delimitasiyası məsələsidir. Sərhədin delimitasiyası məsələsi uzunmüddətli prosesdir. Ona görə bu məsələ sülh gündəliyindən çıxarılıb və daha uzunmüddətli bir proses müzakirə edilir. Çünki delimitasiya həqiqətən də nümunə göstərir ki, bəzən illər, onilliklər ala bilər və tərəflər arasında yekun sülh sazişi imzalandıqdan sonra belə bu proses davam edə bilər. Hiss edirəm ki, Əbu-Dabidə bu və digər məsələlər müzakirə edilirdi. Amma indi həm də Bakının tələbləri var. Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılması da müzakirə edilib. Mənim fikrimcə, Əbu-Dabi görüşü sülh danışıqları ilə bağlı müəyyən bir irəliləyiş kimi qəbul edilə bilər. Təbii ki, əsas suallardan biri bu məsələlərin praktiki müstəvidə nə qədər icra ediləcəyidir. Bu görüşdə aparılan müzakirələr deməyə əsas verir ki, bu görüş müəyyən bir irəliləyiş kimi qəbul edilə bilər. Onu da qeyd edim ki, yekun sülh müqaviləsinin imzalanması hələ ki, tezdir. Bunu bu görüşdə və yaxud da qarşıdakı görüşlərdə gözləmək çətindir. Amma müzakirə belə müsbət hal kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması da bu görüşdə həll edilməsə belə ən azından tərəflər öz mövqelərini bir-birinə çatdırıb. Müəyyən bir prosesin davam etdirilməsi də böyük müsbət amil kimi qiymətləndirilə bilər”.

 

Lalə Qurbanlı