ABŞ regionda sülh proseslərindən kənarda qalmaq istəmir

Bölmə: Siyasət › ,
Tarix: 21:42 11.07.2025

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.

 

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur”, - o deyib.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqlarını kifayət qədər diqqətlə izləyir:

 

“Əslində regionda baş verən proseslərdə maraqlıdır. Xüsusilə kommunikasiya xətlərinin açılması, sabitliyin təmin olunması istiqamətində regionla bağlı maraqları var. Heç bir halda proseslərdən kənar qalmaq istəmir. Təbii ki, Amerika vasitəçilik missiyasını öz üzərinə götürmək istəyər. Amma bu istiqamətdə Azərbaycanın kifayət qədər konkret bir mövqeyi var. İkitərəfli format uğurlu şəkildə davam etdirilir. Bu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev vasitəsilə təklif olunub. Bu format çərçivəsində nə qədər sürətli və uğurlu nəticələr əldə etdik. Bu hər kəsə məlumdur. Ən azından sülh müqaviləsinin ümumi mətnin 17 bəndi üzərində razılığın əldə olunması buna bariz nümunədir. Son Əbu-Dabi görüşü də bizim sülhə dair ümidlərimizi kifayət qədər çox artırır. Çünki ikitərəfli görüşlər çərçivəsində konstruktiv yanaşmaların əldə olunması, həm kommunikasiya xətlərinin bərpa olunması, həm də dermitasiya demokrasiya məsələsi ilə bağlı və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı mərhələli şəkildə həyata keçirilən görüşlər bizi sülhə aparan ən önəmli addımlardır. Amerika Birləşmiş Ştatları da prosesləri yaxından izlədiyini bəyan etməklə proseslərdən heç bir halda kənarda qalmaq istəmədiyini və maraqlı olduğunu açıq şəkildə ifadə etməyə çalışır. Əslində sülhə nail olmaqda qismən də olsa maraqlıdır. Çünki Tramp adminstrasiyanın xarici siyasət konsepsiyasını izlədikdə, bütün dünyada, regionlarda sülh və sabitliyin təmin olunması ilə bağlı Tramp böyük iddialarla çıxış edir. Bu istiqamətdə atıla biləcək addımlarda özünün və adminstrasiyanın payının olması da onlar üçün maraqlı olan tərəflərdəndir”.

 

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasında bütün qlobal və regional aktorlar kimi ABŞ-də yetəri qədər maraqlıdır:

 

“Proseslərin öz nəzarəti altında olmasını çox istəyərlər. Ona görə də bu istiqamətdə təsir mexanizmlərindən istifadə edə bilər. Ermənistan üzərində təsir mexanizmlərindən mümkün qədər istifadə edib, sülh danışıqları çərçivəsində əldə olunan razılıqların yerinə yetirilməsində müəyyən bir Ermənistan tərəfinin iradə göstərməsinə müsbət töhfə verə bilər”.

 

Nuray Əliyeva