PKK silahı yerə qoyur: Türkiyədə terrorla mübarizədə tarixi mərhələ

Bölmə: Dünya › ,
Tarix: 21:42 11.07.2025

 

Türkiyə 47 illik terror təhlükəsinə qarşı mübarizədə yeni və tarixi mərhələyə qədəm qoyub. “Terrordan Azad Türkiyə” hədəfi çərçivəsində PKK terror təşkilatına bağlı ilk qrup İraqın Süleymaniyyə bölgəsində silahı yerə qoyub.

Silahların təhvil verilməsi Dukan rayonunda, mətbuat, siyasətçilər və beynəlxalq müşahidəçilərin iştirakı ilə baş tutub. 15-i qadın olmaqla 30 nəfərlik PKK üzvü silahlarını yandıraraq məhv edib. Tədbirdə Milli Kəşfiyyat Təşkilatı, İraq və Kürd Regional Rəhbərliyi rəsmiləri, DEM Partiyasının nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Proses Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təşəbbüsü və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə həyata keçirilir. “Terrorsuz Türkiyə” hədəfi uğrunda aparılan siyasi təmaslar çərçivəsində DEM Partiyası nümayəndələri bir neçə dəfə İmralı adasına səfər edib, parlamentdə müxtəlif partiyalarla dialoqlar qurulub.

PKK may ayında keçirilən qurultayında silahı buraxmaq və təşkilatı ləğv etmək qərarı alıb. Rəsmi Ankara tərksilah prosesinin sentyabrın sonuna qədər tamamlanmasını hədəfləyir.

Sonuncu olaraq iyulun 10-da Prezident Ərdoğan və MHP lideri Baxçalı bir araya gələrək prosesi dəyərləndiriblər. Beləliklə, Türkiyə yarım əsrə yaxın davam edən terrorla mübarizədə əhəmiyyətli dönüş nöqtəsinə çatıb.

 

TRT Xəbər

Türkan Kərimli