Qəzzada Həmasın nəzarətinə meydan oxumaq üçün yeni milislər yaranır

Tarix: 22:12 11.07.2025
Qəzzada yeni Fələstin silahlıları olan Xalq Qüvvələri Həmas və onun hakimiyyətinə meydan oxumağı hədəfləyir. Bununla belə, qrupun özünü təsdiq etmək qabiliyyətinə, eləcə də lideri Yasir Əbu Şabab və onun cinayət keçmişinə şübhə ilə yanaşır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Qəzzada yaranan yeni "Xalq Qüvvələri" adlı silahlı qrupun Həmasa bağlı olmadığı bildirilir:
"Qəzzada yaranan yeni "Xalq Qüvvələri" adlı silahlı qrupun Həmasa bağlı olmadığı bildirilir. Araşdırmalar göstərir ki, bu qrupun üzvləri ilk dövrlərdə yardımların mənimsənilməsi və müxtəlif oğurluq halları ilə məşğul olublar. Daha sonra Yasir Əbu Şabab adlı şəxsin rəhbərliyi altında birləşdikləri deyilir. Qrup özünü Qəzzanın xilaskarı və hətta bəzən Həmasın səsi kimi təqdim etsə də, Həmas bu qüvvələri tanımır, onlara xəyanət və İsraillə əməkdaşlıq ittihamı irəli sürür. İki tərəf arasında qarşıdurmalar baş verib, son olaraq 50-yə yaxın qrup üzvünün Həmas tərəfindən öldürüldüyü bildirilir. Həmas bu qrupun İsrail tərəfindən yönləndirildiyini ehtimal edir və liderləri Yasir Əbu Şababın aradan qaldırılması barədə qərar verib. Beləliklə, Qəzzada faktiki olaraq Həmas və "Xalq Qüvvələri" arasında gedən mübarizə, İsraillə dolayı bir qarşıdurmaya çevrilib. İsrail tərəfi Qəzzada yeni yaranan Xalq Qüvvələrinin güclənməsini və gələcəkdə bölgəyə nəzarətin bu qruplara verilməsini istəyir. Lakin Həmas bu silahlı qrupa qarşı mübarizə aparır və onları rast gəldikləri yerdə zərərsizləşdirir. Bu qrupun hazırda Qəzzadakı təhlükəsizlik və sabitliyə ciddi təsir göstərə biləcək gücdə olmadığı vurğulanır. Onlar zəifdir və əhalinin geniş dəstəyinə malik deyillər. Həmas ilə qarşıdurmaları və İsraildən müəyyən dəstək almaları da bu mənzərəni gücləndirir.İsrail bu qrupa hava zərbələri və digər vasitələrlə dəstək göstərsə də, Qəzza daxilində onların nüfuzu və təsiri zəifdir. Bu səbəbdən, hazırda bölgəyə nəzarət hələ də Həmasın əlindədir və İsrail bu vəziyyəti dəyişə bilmir. Yalnız gələcəkdə İsrail tam nəzarət əldə edərsə, bu qrupun təhlükəsizliyin təminində rol alması mümkün ola bilər.
Hazırda Qəzzada yeni yaranan silahlı qrupun təhlükəsizlik və sabitlik baxımından mühüm rolu yoxdur. Beynəlxalq ictimaiyyət bu məsələni daha çox Qəzzanın daxili işi kimi qiymətləndirir və açıq müdaxilə etmir. Lakin Qətər və Misir kimi regionda sabitliyin tərəfdarı olan ölkələr bu vəziyyətlə daha yaxından maraqlanır və Həmas–İsrail arasında sülhə nail olmaq üçün danışıqlarda iştirak edirlər. Gələcəkdə Qəzzanın idarəçiliyinin Həmasdan alınaraq Fələstin Azadlıq Təşkilatına, konkret olaraq Mahmud Abbasın rəhbərlik etdiyi struktura verilməsi ideyası da gündəmdədir. Həmasın bu ideyaya tam qarşı çıxmadığı da qeyd olunur. Yeni yaranan qruplaşma isə hələlik beynəlxalq diqqətdən kənarda qalsa da, gələcəkdə güclənərsə, daha ciddi müzakirə mövzusuna çevrilə bilər".
Səmayə Səftərova