"PKK-nın silahsızlaşdırılması Türkiyə tarixində yeni bir səhifə açır"-Ərdoğan

Tarix: 12:03 14.07.2025
Türkiyə prezidenti Kürdüstan Fəhlə Partiyasının (PKK) silahsızlanmaya başlamasını alqışlayaraq bunu ölkəsi üçün qələbə adlandırıb. Əvvəlki gün PKK döyüşçüləri silahların məhv edilməsinə dair rəmzi bir mərasim keçiriblər.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, PKK-nın silahsızlaşdırılması Türkiyənin həm daxili, həm də xarici siyasətində olduqca ciddi avantajlar saxlayır:
"Türkiyə Cümhuriyyətinin indiyə qədər PKK-ya 1 bəzən də 2 trilyona qədər pul xərclədiyi deyilir. Yəni bu savaş dayanarsa, buraya qoyulan pul da dayanacaq. Bu xərclər ölkənin daha ölkənim daha strateji əhəmiyyətli məsələlərinə xərclənməsinə kömək edəcək. Digər tərəfdən qarşıdurmanın dayanması, sülhün yaranması bölgədə iqtisadi inkişafa və ticari əlaqələrin güclənməsinə də fayda verəcək. Bundan başqa Türkiyə və onun ətrafı sərmaye üçün güvənli bir bölgə kimi təqdim olunacaq və bu da yeni sərmayelərin gəlməsinə şərait yaradacaq. Türk, kürd, ərəb, birliyinin yaranması uzun illər bölgədə yaradılan bir çox qarşıdurmaların, münaqişələrin dayanması və əksinə, bu əməkdaşlıq fonunda Türkiyənin də güclənməsi deməkdir. Eyni zamanda Türkiyə ilə bölgədəki bir çox problemlərin həllində daha çox uzlaşma aparılır".
Politoloq əlavə edib ki, Türkiyə artıq daxili münaqişəyə cəlb edilmiş dövlətdən, bölgəyə təsir edən, regional gücə malik olan dövlətə çevrilib:
"Türkiyənin güclənməsində yalnız türklərin deyil, kürdlərin də dəstəyi rol oynayır. Bu isə bölgənin və bölgə ilə bağlı bir çox layihələrin perspektivini dəyişir və Türkiyə oyuna cəlb edilmiş dövlətdən oyun quran bir dövlətə çevrilir. Türkiyənin daxilində bu siyasət Ərdoğanın nüfuzunun artmasına və mövqeyinin güclənməsinə səbəb olur. Dünənə qədər onun qarşısında olanlar, artıq onun yanındadırlar. Bu qərar PKK-nın bir çox tərəfdarlarının narazılığına səbəb ola bilər. Amma düşünürəm ki, zaman daxilində əksər PKK-çılar silahı yerə qoyacaq, dinc həyata qayıdacaq. Nəhayət ki, kürd xalqı da mülki həyatına qayıdır, abadlıq və rifah barədə düşünür. Yəni bölgəyə sülh gəlir və bu bütün xalqların xeyrinədir. Amma mümkündür ki, PKK-nın başqa güclərin təsiri altında olan hissələri bir müddət müqavimət göstərsin. Mənim fikrimcə, böyük qisimdə sülh və barış istəyi daha güclüdür. Ümid edirəm ki, PKK içərisində də əksəriyyət tərksilahı dəstəkləyəcək və mülki həyata qayıdacaq".
Fatimə Heydərova