"Rusiya-Ukrayna müharibəsi kəskin mərhələyə daxil olur"

Bölmə: Siyasət › ,
Tarix: 14:58 14.07.2025

Rusiya hücum planlarını həyata keçirə bilmir.

Rusiya ordusu bu ilin yayında qurduğu hücum planlarından əhəmiyyətli dərəcədə geri qalır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb.

Dövlət başçısı bildirib ki, hərbçilərlə, eləcə də müdafiə naziri Rüstəm Umerovla görüşüb:

 

"Biz əsas müdafiə bölgələrindəki vəziyyəti Baş Komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirə etdik. Xüsusilə də Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyəti..."

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, hesab edirəm, Rusiya-Ukrayna müharibəsi özünün ən kəskin mərhələsinə qədəm qoymaqdadır:

 

"Hər şeydən öncə qeyd etməliyəm ki, bu münaqişənin davamlı şəkildə uzanması Rusiyanın maraqlarına uyğun deyil. Daha doğrusu, münaqişə vəziyyətinin uzunmüddətli xarakter alması Rusiya üçün arzuolunan deyil.

 

Eyni zamanda düşünürəm ki, Ukrayna tərəfi artıq əvvəlki dəstəyi almadığı şəraitdə uzun müddət tab gətirə bilməyəcək. O ki, qaldı Rusiyanın yay hücum planlarına və bu planlardan geri qalmasına — əslində burada Zelenski özü də bilmədən Rusiyanın mövqelərinin hələ də güclü olduğunu etiraf edir. O, sadəcə, hücum planından geri qalındığını bildirir, amma bu plandan imtina edildiyini və ya onun ümumiyyətlə həyata keçirilməsinin mümkün olmadığını demir. Yəni bütün hallarda Rusiya irəliləməkdə davam edir.

 

Əslində müharibə xronikasına diqqət yetirsək, görərik ki, az da olsa, Rusiya Ukrayna ərazisində irəliləyir. Bu, bir faktdır və Zelenski də dolayısı ilə bunu etiraf edir. Eyni zamanda Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı kimi vilayətlər ətrafında daha ciddi müzakirələrin aparılması onu göstərir ki, həmin istiqamətlərdə genişmiqyaslı hücumlar ola bilər.

 

Xatırlatmaq istəyirəm ki, bir neçə ay öncə Rusiya tərəfi sərhədlərinə yaxın ərazilərdə əlavə təhlükəsizlik zolağının yaradılması niyyətində olduğunu bəyan etmişdi. Sumı istiqamətində bu zolağın yaradılması üçün Rusiyanın addımlar atacağı da gözləniləndir. Yəni bu istiqamətdə hücum planlarının mövcud olması ehtimalı yüksəkdir.

 

Düşünmürəm ki, Zelenski Rusiyanın yay hücum planları haqqında tam aydın təsəvvürlərə sahibdir. Burada reallıqlardan çıxış etmək lazımdır. Müharibənin ilk mərhələsində Qərb dünyası, başda ABŞ olmaqla, Ukraynaya daha sistemli və kompleks yardım planları həyata keçirirdi. Amma sonrakı mərhələlərdə, xüsusilə 2024-cü ilin ortalarından və ya 2025-ci ilin əvvəlindən bu günə qədər Ukrayna üçün ciddi və təsirli addımların atılmadığı bir dövr müşahidə olunmaqdadır.

 

Donald Tramp fəaliyyətə başladıqdan sonra Ukraynaya yardımlar əhəmiyyətli dərəcədə azaldı. Son olaraq isə ABŞ tərəfindən Ukraynanın hava hücumundan müdafiə sistemlərinin raketlərlə təchizatı minimum səviyyəyə endirildi. Düzdür, bir neçə gün əvvəl Tramp Ukraynaya yenidən hərbi dəstək veriləcəyini bəyan etdi. Amma Trampın davranışlarında xaotiklik var, o tez-tez mövqelərində dəyişikliklər edir. Bu səbəbdən onun bəyanatlarının nə qədər real olacağını zaman göstərəcək.

 

Qərb də bu məsələdə yekdil deyil. Görünür ki, Ukraynaya bir koalisiya şəklində ciddi dəstək göstərməkdə çətinlik çəkirlər. Ritorik olaraq bu dəstək ifadə olunsa da, cəbhədəki vəziyyət bunun əksini nümayiş etdirir. Bu baxımdan düşünürəm ki, proseslər cəbhədə Rusiyanın üstünlüyü ilə davam edəcək. Ola bilsin ki, Rusiya daha genişmiqyaslı və planlı hücumları reallaşdırsın.

 

Qeyd etdiyim kimi, bu müharibənin resurs müharibəsinə çevrilməsi nə Rusiya, nə də Qərb üçün arzuolunandır. Ona görə də hesab edirəm ki, Rusiya tərəfi daha üstün mövqelər əldə etmək üçün yaxın müddətdə daha sürətli və məqsədyönlü addımlar ata bilər. Çünki hazırkı münaqişə vəziyyətindəki əlamətlər buna əsas verir.

 

Kursk istiqamətində Ukraynanın hücumları bir müddət Ukrayna tərəfində ruh yüksəkliyi yaratdı. Qərb mediası da bunu Rusiyanın məğlubiyyətinin başlanğıcı kimi təqdim etdi. Amma sonra gördük ki, bu, sadəcə, Rusiyanın vəziyyəti idarə etməsi idi. Kursk istiqamətində Ukrayna tərəfi böyük itkilər verdi, Rusiya isə həmin əraziləri geri aldı və əlavə ərazilərə nəzarət etməyə başladı. Bu, Rusiyanın prosesləri nəzarətdən kənarda qoymadığını göstərdi.

 

Qeyd etmək lazımdır ki, Rusiya bu qarşıdurmanı hələ də "müharibə" kimi təqdim etmir. Bu isə bir tərəfdən siyasi ritorika sayılsa da, digər tərəfdən özünə inamın göstəricisi kimi də qiymətləndirilə bilər.

 

Beləliklə, Zelenskinin mövqeyi dolayısı ilə Rusiyanın yay hücum planlarının mövcudluğunu və Rusiyanın irəlilədiyini təsdiqləyir. Bu, artıq reallıqdır. Ukraynanın əks-hücum potensialına gəlincə, hazırkı mərhələdə Qərbin dəstək səviyyəsini nəzərə alsaq, Ukraynanın hücum imkanları kifayət qədər məhduddur".

 

Politoloq əlavə edib ki, əgər atəşkəs rejimi əldə edilsəydi, Ukrayna tərəfinin vaxtı və imkanı olsaydı, Qərb Ukrayna ordusunu yenidən komplektləşdirə və təchiz edə bilərdi:

 

"Belə olan halda Ukraynanın əks-hücum imkanlarından danışmaq mümkün idi. Amma bu gün üçün real vəziyyət göstərir ki, Ukraynanın hücum potensialı çox zəifdir.

 

Müharibənin xronikası və tərəflərin mövqeləri təhlil edildikdə, proseslərin yaxın perspektivdə Rusiyanın üstünlüyü ilə davam edəcəyi qənaətinə gəlmək mümkündür".

 

Aytən Ağazadə