Putin Zelenski ilə yalnız bu halda görüşməyə razıdır

Tarix: 13:43 14.07.2025
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə yalnız Kiyev təslim olduqdan sonra görüşməyə razılaşacaq. Bunu Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin İstanbuldakı son danışıqlarda Putinlə Zelenski arasında görüş üçün faktiki olaraq belə bir şərt irəli sürülüb:
"Putinin mandatı qarşı tərəfi təslim olmağa məcbur etməkdir. Onların məntiqi bizim məntiqimizdən tamamilə fərqlidir".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Putinin bu şərti əvvəldən məlum idi:
"Kreml sahibi Kiyevi kapitulyasiyaya məcbur etməyə çalışır. Düşünürəm ki, sonda buna nail olacaq. Sadəcə, bu sənədə Zelenski deyil, Ukraynanın hansısa səlahiyyət sahibi imza atacaq. Ola bilsin, bu, ölkənin ikinci, o olmazsa üçüncü dərəcəli rəsmisi olsun. Qərb bu müharibəni uduzsa belə, Zelenskini Putin qarşısında oturtmaz. Bu proses uzun zaman ala bilər. Sonda belə bir vəziyyətin yaranmasını, əslində, Qərb – xüsusən də ABŞ – hər zaman arzulayıb. Təəssüf ki, görünən budur: Rusiya sonunda məqsədinə çatacaq. Beynəlxalq vasitəçilərə gəlincə, bu savaşda Putin heç bir vasitəçini tanımır. Bu, onun hakimiyyətində ən ağır mərhələdir – ya davam edəcək, ya da tamamlanacaq. Amma görünür ki, hakimiyyəti davam edəcək. Çünki qarşısında zəif, dişsiz rəqiblər dayanıb. Rusiya bu müharibədə qalib gəldi və növbəti savaşların mesajını verdi. Zelenski kimi bir fiquru tarix bağışlamayacaq. O, faktiki olaraq Rusiyaya ikinci dəfə nəfəs verdi. Mən həmişə demişəm: bir “klon”u meydana atdılar. O, yalnız teatr səhnəsində rol oynaya bilər, amma siyasət reallığı dəyərləndirmək, güc balansını hesablamaq tələb edir. Qarşında Rusiya dayanıb – nüvə başlıqları olan, dünyanın ən güclü dövlətlərindən biri. Ərazi baxımından ən böyük, təbii sərvətləri ilə strateji mövqedə yerləşən ölkədir. Belə bir gücə qarşı hər addımını yüz ölçüb, bir biçmək lazımdır".
Qəmər Kazımzadə