Rusiya Ukraynaya qarşı 26 raket və 597 pilotsuz uçuş aparatı buraxıb

Tarix: 12:05 14.07.2025
Ukrayna lideri Qərb liderlərini əlavə sanksiyalar tətbiq etməyə çağırıb və “müharibəni yalnız güc yolu ilə dayandırmaq olar” deyib. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu gecə ərzində Ukraynaya qarşı 26 raket və 597 pilotsuz uçuş aparatı buraxıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Zelenskinin "müharibəni yalnız güc yolu ilə dayandırmaq olar" bəyanatı əslində reallığa söykənir:
"Çünki Vladimir Putin 6 aydan bəri Amerikanın təşəbbüsü ilə aparılan danışıqları faktiki olaraq baykot etdi və zaman qazanmaqla özünün işğal siyasətini davam etdirməkdədir. Son 1 ayda Ukrayna ərazisinə edilən raket və pua hücumları ciddi şəkildə artıb. Bu da eskalasiyanın dərinləşməsi deməkdir. Bu kifayət qədər anlaşılan və məntiqli bir yanaşmadır. Həqiqətəndə qərb ölkələrinin Rusiyanı diplomatik masaya cəlb etmək imkanları kifayət qədər məhduddur. Rusiyanın anlayacağı yeganə dil təzyiq və gücdür. Ona görə də bu anlaşılan bir mövqedir. Lvov, Çernovtsi və digər Ukraynanın qərb ərazilərinin atəşə tutulması ilə Rusiya göstərmək istəyir ki, o Ukraynanın bütün nöqtələrini vura bilər və Ukraynanı işğal etmək niyyətindədir. Hazırda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə məhz dünyada təhlükəsizlik arxitekturasına ciddi şəkildə zərbə deməkdir".
Fatimə Heydərova