ABŞ-nin Ukrayna üzrə elçisi Zelenski ilə "səmərəli" görüş keçirib

Tarix: 16:55 14.07.2025
ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kellogg və Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi “səmərəli” görüş keçirib. Bu görüş Trampın Rusiya ilə bağlı “böyük bir açıqlama” verəcəyini bildirməsinin ərəfəsində baş tutub.
Zelenskinin sözlərinə görə, görüşdə ABŞ və Ukraynanın "praktiki addımları", o cümlədən Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Avropa ilə birgə silah istehsalı və təchizatı məsələləri müzakirə edilib.
Tramp bazar günü jurnalistlərə bildirib ki, Ukraynaya "çox müasir hərbi texnika göndərəcəyik". O, ABŞ istehsalı olan və dünyanın ən güclü hava hücumundan müdafiə sistemlərindən biri sayılan "Patriot" raketlərinin Ukraynaya göndəriləcəyini deyib.
Bu bəyanat Trampın Rusiya prezidenti Vladimir Putinə münasibətdə tonunu dəyişdiyini göstərir. Tramp əvvəllər Putinlə yaxşı münasibətlərini vurğulasa da, aprel ayında onu Kiyevə qarşı hücumları dayandırmağa çağırıb, son aylarda isə onu “dəli olmaqda” ittiham edib.
Respublikaçı senator Lindsi Qrehem də bildirib ki, Trampın Ukraynaya dəstək göstərməyə maraq göstərməsi Putinin böyük bir yanlış hesablamaya yol verdiyini göstərir. O qeyd edib ki, yaxın günlərdə Ukraynaya rekord səviyyədə silah axını baş verəcək və “Putini danışıqlar masasına gətirmək üçün böyük bir səylə qarşılaşacağıq”.
Bu görüş və bəyanatlar Ukraynada müharibənin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda baş verir.
Euronews
Billurə Quliyeva