Fransa Bastiliya Günü münasibətilə Parisdə hərbi paradla bayram edir

Tarix: 16:57 14.07.2025
Fransa özünün ən böyük milli bayramı olan Bastiliya Gününü Parisdə keçirilən hərbi parad, Eyfel qülləsi üzərində dron işıq şousu və demək olar ki, hər şəhərdə atəşfəşanlıqla qeyd edir.
14 iyul 1789-cu ildə Parislilərin Bastiliya qalasını və həbsxanasını ələ keçirməsi ilə başlayan Fransız İnqilabının ildönümünü anmaq məqsədilə keçirilən tədbirdə Parisin məşhur Champs-Elysees prospektində 7000-ə yaxın hərbçi, atlı birliklər və zirehli texnikalarla yürüş edib.
Fransa prezidenti Emmanuel Makron Arc de Triomphe altında əbədi alovu yenidən yandıraraq qoşunları salamlayıb. Tədbirə döyüş təyyarələrinin Fransa bayrağının rənglərində tüstü buraxaraq keçidi, axşam isə Eyfel qülləsində dron şousu və atəşfəşanlıq daxildir.
Hər il Bastiliya Gününə bir qonaq ölkə dəvət olunur. Bu il qonaq ölkə dünyanın ən böyük müsəlman əhalisinə malik olan və mühüm iqtisadi-hərbi gücə çevrilən İndoneziyadır. İndoneziya prezidenti Prabowo Subianto Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə ticarət razılaşması imzalayıb, bu razılaşma İndoneziya məhsulları üçün AB-yə rüsumssuz çıxış təmin edir.
Euronews
Billurə Quliyeva