Paşinyan Fransada: Makronla strateji məsləhətləşmələr aparılıb

Bölmə: Siyasət › ,
Tarix: 17:17 15.07.2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdədir. Səfər çərçivəsində o, Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər regional əhəmiyyətli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülhün təmin olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş zamanı Paşinyan Fransanın milli bayramı münasibətilə Makronu təbrik edib, Fransa Prezidenti isə Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyini bir daha bəyan edib.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa Birliyinin rəhbərliyi ilə üçtərəfli görüşdən sonra Paşinyanın Fransaya səfəri təəccüblü qarşılanmayıb:

 

"Əslində, öncədən də gözlənilirdi ki, Avropa Komissiyasının və Avropanın Təhlükəsizlik Komissarı ilə görüşlərdən sonra Paşinyan mütləq Parisə baş çəkəcək və Koşta ilə Ursula Fon der Leyenlə apardığı danışıqların nəticələri və gedişatı barədə Makrona hesabat verəcək. Çünki bu gün Ermənistan rəhbərliyi xarici siyasətini Fransasız və Makronsuz həyata keçirmir, bütün məsələləri Makronla məsləhətləşir. O cümlədən, Avropa Birliyi rəhbərliyi ilə Paşinyanın apardığı üçtərəfli görüşdə əldə olunmuş razılaşmalar və formalaşmış ümumi mövqelər barədə Makronla fikir mübadiləsi aparılıb. Əlbəttə, Avropa Birliyinin son görüşdə Ermənistana yardım üçün atdığı addımlar və verdiyi qərarlar təsadüfi olmayıb. Ermənistana 2,4 milyard avro investisiya ayrılması, Ermənistan mediasının müstəqilliyinin gücləndirilməsi adı altında 1,5 milyon avro vəsaitin ayrılması və Ermənistanın regional və iqtisadi təşəbbüslərə qoşulması nöqteyi-nəzərindən əldə olunmuş razılaşmalar Fransa olmadan mümkün olmayıb. Eyni zamanda bu istiqamətdə Avropa Birliyi rəhbərliyi ilə aparılmış danışıqlar və əldə olunmuş razılaşmalar əslində Makronun vasitəçiliyi ilə mümkün olub. Çünki Avropa Birliyi rəhbərliyi yaxşı bilir ki, Makronun iştirakı olmadan Ermənistanla ciddi nəticələr əldə etmək mümkün deyil və Ermənistana edilən dəstəklər birinci növbədə Fransa ilə və Makronla razılaşdırılıb. Aydındır ki, Fransa ilə ikitərəfli müzakirələrdə həmişə Ermənistanın regional mövqeyinin gücləndirilməsi məsələsi əsas müzakirə predmeti olub. Ermənistanın hərbi təhlükəsizlik problemlərinin həllinə daha geniş dəstək göstərilməsi də əsas müzakirə istiqamətlərindən birinə çevrilib".

 

Ekspert həmçinin bildirib ki, bu dəfə Paşinyanla Makronun görüşü Ermənistan daxilində Paşinyan üçün yaranmış siyasi çətinliklərin aradan qaldırılması məsələsinə də fokuslanıb:

 

"Ermənistanın hazırkı siyasi kursunun davam etdirilməsi Makronun da marağındadır. Bu gün Ermənistanda yüksəlmiş siyasi müxalifət hərəkatının qalib gələcəyi təqdirdə məsələ təkcə Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. Eyni zamanda Paşinyanın başladığı siyasi proseslər də yarımçıq qala bilər ki, bu da ilk növbədə Fransanı narahat edir. Buna görə də Makronla Paşinyan, böyük ehtimalla, Ermənistan daxilindəki vəziyyəti də müzakirə ediblər. Həmçinin bu görüşün sülh perspektivlərinə təsiri də düşündürücüdür. Əlbəttə, arzu edilir ki, Fransa bu məsələdə mövqeyini dəyişsin. Amma Fransanın bütün səyləri və cəhdləri əgər vasitəçilik missiyasına qayıtmaqdan ibarətdirsə, bu sadəcə mümkün deyil. Çünki Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi kimi artıq keçmişdə qalıb. Fransa özünü nə tərəfsiz, nə də ədalətli vasitəçi kimi göstərə bilməyib. Əlbəttə, söyləmək çətindir ki, Makron Paşinyanı tezliklə sülh sazişini imzalamağa təşviq edib, ya etməyib. İstək olub ki, bu baş versin. Amma böyük şübhələr var ki, Makron Paşinyanı sülh sazişini tezliklə imzalamağa təşviq etsin. Böyük ehtimalla onların hər ikisi belə bir mövqedədir ki, Ermənistanla sülh sazişinin imzalanması məsələsi sadəcə imitasiya olunub, saziş hələlik imzalanmayıb. Guya bu bölgədə sabitlik hökm sürür və Ermənistan da ardıcıl bir sülh prosesindədir kimi görüntü yaradılıb. Amma sülh sazişinin mövcud şəraitdə tezliklə imzalanmasında nə Fransanın, nə də Ermənistanın marağı var".

 

Güllər Gülhüseynova