Ali təhsil müəssisələrində təhsil haqqı artacaqmı?

Tarix: 20:02 18.07.2025
Azərbaycanda 2022–2026-cı tədris illəri ərzində bəzi ali təhsil müəssisələrində təhsil haqlarında artım olacağı ilə bağlı fikirlər irəli sürülür. Bu istiqamətdə ilk faktiki addımı isə Azərbaycan Dövlət Pedaqoji Universiteti atıb. Həmin universitetdə həm bakalavriat, həm də magistratura səviyyələrində təhsil haqları artırılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ali təhsil üzrə ekspert Vüsal Kərimli bildirib ki, təkcə Azərbaycan Dövlət Pedaqoji Universiteti deyil, bundan öncə də özəl universitetlərin birində təhsil haqlarının artımı ilə bağlı məlumatlar gəlib:
"Doğrudur ki, universitetlərdə təhsil haqlarında cüzi artımlar baş verir. Bu, tələbələrin təhsilə əlçatanlığına mənfi təsir edəcəyinə çox inanmıram. Çünki bu artım ciddi rəqəmlər deyil — 200–300 manat arasındadır. Yəni bu, elə çox vəsait deyil.
Bunun əsas səbəbi ondan ibarətdir ki, 2022–2026-cı ildəki Strateji Yol Xəritəsinə əsasən universitetlərin qlobal məkanda təmsilçiliyi, beynəlxalq rəqabətə dayanıqlılığını təmin etmək üçün universitet, ölkə təhsili öz üzərinə müəyyən öhdəliklər götürüb və bunun üçün də təhsil haqlarının artması anlaşılandır. Ona görə mən deyirəm ki, universitetlər beynəlxalq reytinqlərdə iştirak etmək üçün, beynəlxalq elmmetrik bazalarda müəllimlərin elmin populyarlaşmasına, onları mükafatlandırmağa və əmək differensiallarını etməyə məcbur qalır.
Çünki həm Azərbaycan universitetlərinin qlobal məkanda elmi potensialının görünən olması, həm də ölkənin, ümumiyyətlə, H (hirş) indeksinin artması — bu, əlavə vəsaitlər tələb edir. Bunun üçün universitetlər belə cüzi təhsil haqlarının artırılmasına gedirlər. Qeyd elədim, əlçatanlığa o qədər də ciddi təsir etmir. Çünki təhsil haqqı artımı cüzi rəqəmlərdir. Yəni bunlar o qədər də ciddi təsir edə biləcək məbləğlər deyil".
Nigar Həsənzadə