Azərbaycanlı tələbələr ilk dəfə Türkiyə mediasında təlim keçəcək
Bölmə: MEDİA › ,Tarix: 13:39 06.02.2015
Bu layihə Türkiyə-Azərbaycan media əməkdaşlıq proqramı çərçivəsində baş tutacaq. Fikir Bakı Dövlət Universiteti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə məxsusdur. TİKA-nın reallaşdırdığı TAMEP (Türkiyə-Azərbaycan Media Əməkdaşlıq proqramı) layihəsi 6 mərhələdən ibarətdir. Media mənsubları ilə bağlı tədbirləri əhatə edən ilk dörd mərhələ artıq həyata keçirilib.
Bu mərhələdə BDU-nun tələbə qəbulunda uğurlu nəticə göstərən ilk 10 tələbə Türkiyəyə göndəriləcək. Bakı Dövlət Universitetin Jurnalistika fakültəsinin tələbələri fakültə dekanı professor Şamil Vəliyev və Radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın rəhbərliyi ilə 8-14 fevral tarixlərində Türkiyədə bir həftəlik təlim-təcrübə proqramında iştirak edəcəklər.
Nümayəndə heyəti TİKA, TRT, Anadolu Agentliyi, Başnazirlik Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universiteti Jurnalistika Fakültəsi və bəzi media qurumlarında seminar və təlimlərdə iştirak edəcəklər.
Növbəti layihənin isə azərbaycanlı pedaqoqların Türkiyədə təcrübə keçməsi ilə bağlı olacağı gözlənilir.