Peşəkarlıq teleradio rəhbərlərini o qədər də maraqlandırmır

Bölmə: MEDİA › ,
Tarix: 17:29 06.02.2015



Bakıda 80-dən çox gənc azərbaycanlı jurnalistin iştirakı ilə ilk dəfə olaraq “Media Party” keçirilib. Bu əyləncəli gecənin əsas təşkilatçılarından biri olan Lider TV-nin əməkdaşı Allahverdi Şəfiyevlə müsahibəni təqdim edirik:

Bu tədbiri keçirməkdə məqsədiniz nədir?

Azərbaycan jurnalistlərinin ilk “Media Party”ini təşkil etmək həqiqətn məsuliyyətli və cətin bir iş idi. Məqsədimiz günün 90 faizini işinə həsr edən həmkarlarımıza bir növ sərbəst və səmimi bir mühitdə vaxtlarını xoş abu-havada keçirmələrinə, əylənmələrini şərait yaratmaq, gündəlik iş həyatından bir neçə saatlıq da olsa aralanıb, stressdən azad olmalarına zəmin yaratmaq idi. Azərbaycan jurnalistlərinin İlk “Media Party”sinin fevralın 2-si Gənclər gününə təyin edilməsi də təsadüfü deyil. Niyyətimiz bu sahədə yeni olan həmkarlarımızı peşəkarlarla görüşdürmək, tanış etmək və fikir mübadiləsinin, müzakirələrin aparılmasına şərait yaratmaq idi. Ümid edirəm ki, bu İlkə layiqincə imza ata bildik. Layihənin reallaşımasında bizə dəstək olan hər bir kəsə öz minətdarlığımızı bildiririk.

Davamı olcaq?

Təbii ki, istək və təklifləri nəzərə alaraq biz növbəti, daha fərqli və effektiv tədbirə hazırlaşırıq. 8 Mart Qadınlar Gününə həsr olunacaq “Media Party”də bir çox yeniliklərə imza atmağı nəzərdə tutmuşuq. Hazırda bunun üzərində işləyirik. Etiraf edim ki, “Media Party”nin ilk tədbirində bəzi nöqsan və catışmazlıqlar var idi. Cünki bu ilk idi. Amma gələcəkdə həmkarlımız üçün daha təkmil və müasir atmosferdə istirahət etmələri, dincləmələri üçün şərait yaratmağı planlaşdırırıq. Onu da deyim ki, 8 Mart Qadınlar Gününə həsr olunacaq “party”də iştirak edəcək hər bir qadın həmkarlarımıza sürpriz və hədiyyələrimiz var. Bundan başqa bu dəfəki, “Media Party”də tanınmış müğənnilərin ifası və təbii ki, DJ-lərin şousu olacaq.

Amma tanınmış media nümayəndələri gözə dəymədi. Sizcə niyə? Onların dincəlməyə sizcə ehtiyacları yoxdur?

Hər kəsin istirahət etməyə və əylənməyə hüququ var. Amma biz kimisə buna məcbur edə bilmərik. “Media Party” ilə bağlı əvvəlcədən anons verilib və bəzi KİV-lərdə bununla bağlı yazılar dərc olunub. Özünü ölkə jurnalistlərinin ilk “party”sində görmək istəyən həmkarlarımız bu fürsətdən maksimum istifadə etdilər. Bundan başqa bileti əldə edib müəyyən səbəblərdən tədbirdə iştiak edə bilməyənlər də oldu. Onlara demək istiyirəm ki, təəssüflənməsinlər. Cünki qarşıda daha bir “party”nin hazırlıqlarına başlanılıb. Və onlar bu dəfə tam güzəştli formada qatıla biləcəklər. Onu da deyim ki, “Media Party”də yaşından və cinsindən aslı olmayaraq KİV-in bütün nümayəndələrinə rast gəlmək olardı. Düzdür tədbir əsasən gənclərdən təşkil olunmuşdu. Amma bu o demək deyil ki, iştirakçıların hamısı gənclərdən ibarət idi. Sadəcə olaraq ruhən gənc olanlar da kifayət qədər idi.

Bu gün jurnalistikanın problemlərindən danışılır, qeyri-peşəkarların mediada sayının günbəgün artdığı deyilir. Yaranan media təşkilatları da bu problemi aradan qaldırmağa çalışır. Siz isə tamam fərqli bir fəaliyyətə başladınız. Media nümayəndələrinin istirahətini düşünərək əyləncə, yəni party təşkil edirsiniz. Hansı daha vacibdir?

Mən bu sualı 3 hissəyə bölərək cavab vermək istərdim. İlk olaraq onu deyim ki, olduqca maraqlı və aktual olan bir problemə toxundunuz.İnkişaf olduğu yerdə problemin olması normaldır. “Jurnalistikanın problemi” ümumi məfhumdur. Konkret götürsək, Azərbaycan jurnalistikasının birinci problemi onun hələ də iqtisadi durumunun qənaətbəxş olmaması ilə bağlıdır. Və bu səbəbdən qeyri-peşəkarların sayı bu sahədə göbələk kimi günü-gündən artır. Belə deyək, peşəkar kadrları bir növ uçuz işçi qüvvələri ilə əvəzləmək dəbi artıq ənənə halı alıb.
Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır. Amma bu o anlama gəlmir ki, hər yerindən duran jurnalist ola bilər. Jurnalistika yaradıcı bir sferadır. Lakin bu sahədə qeyri-peşəkar kadrların sayının artması bu sahə də ciddi boşluqların və catışmazlıqların yaranmasına gətirib çıxarıb. Bu acı olsa da faktdır, reallıqdır. Məncə hər kəs öz ixtisası üzrə fəaliyyət göstərsə həm özünün, həm də cəmiyyətin inkişafına yetərincə töhvə vermiş olar.
Etiraf etməliyik ki, son dövrlər Azərbaycan televiziya və radio kanallarının maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranıb. Peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır. Bir növ ikinci plana salınıb. Bu da onların fəaliyyətində ciddi nöqsanların artmasına gətirib çıxarıb.
Bəzi KIV nümayəndələri öz reytinqini yüksəltmək məqsədilə baş verən kiçik bir hadisəni sensasiyaya çevirir, bununla da cəmiyyəti yanlış fikirlərə yönəltməyə çalışırlar. Tez populyarlaşmağın yolunu yalan, şayə xarakterli, insanları vahiməyə salan xəbərləri dərc etməkdə görürlər. Lakin düşünmürlər ki, bu cür məlumatlarla insanları aldatmaqla yanaşı, onların hissiyyatlarına toxunmuş olurlar. Özünə hörmət edən mətbu orqanı bu yola əl atmaz. Sözsüz ki, bu cür yazıların arxasında jurnalistlərin qeyri-peşəkarlığı dayanır.
Bu gün Azərbaycan tamaşaçısı, oxuçusu ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlərin sözün əsl mənasında acıdır.
Ona görə də ixtisaslı kadr seçimi, yaradıcılığın səviyyəsinin yüksəldilməsi, xarici dilləri bilən professional jurnalistlərin hazırlanması, kadrların peşəkarlığının artırılması istiqamətində müvafiq işlər görülməlidir. Cünki buna böyük ehtiyac var. Bundan başqa jurnalistlərin təlimlərə cəlb edilməsinə, onların peşəkarlıqlarının artırılmasına dəstək göstərilməsi zəruridir.
“Media Party”ə gəldikdə isə onu deyim ki, biz çalışdıq ki, həmkarlarımızı bir gün və ya bir neçə saatlıq belə olsa da sadalanan bu və digər problemlərdən uzaq tutaq, onları qayğısız, sərbəst və səmimi bir dost ortamında əylənmələrini təşkil edək. İşimizin gərginliyini nəzərə alaraq heç olmasa ayda bir dəfə bu cür istirahət edib daxildəki neqativlərdən azad olaq. Sonda isə əlavə edim ki, həm problemlərin həlli, həm də özümüzün istirahəti üçün atdığımız hər bir addım vacibdir və mütləqdir.