"İşıq-Qadın" jurnalı 100 il sonra yenidən nəşr olunur
Bölmə: MEDİA › ,Tarix: 12:15 13.02.2015
İşıq-qadın” jurnalı 100 il sonra yenidən nəşr olunur
“İşıq-qadın” 100 il sonra yenidən dəyərli mətbu orqanı kimi Azərbaycan ictimaiyyətinə təqdim olunur. 2012-ci ilin yanvar ayından etibarən nəfis şəkildə çap edilən “İşıq-qadın” jurnalı ailə dəyərləri, uşaq tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edir. Jurnal qadınların ictimaiyyətdə rolunu, maarifçilik ənənələrini, ailə-övlad münasibətlərini, milli-mənəvi dəyərlərimizin qorunmasını xüsusi qeyd edir. Jurnal qadın hüquqlarını, onun cəmiyyətdə mövqeyini tarixi ardıcıllıqla işıqlandırır. Jurnaldakı yazılarda elmilik, tarixilik, bədii-publisistik üslub məqalələrin maraqla oxunmasına yol açır, oxucuya mənəvi zövq verir. Yazıların ahənginə hopmuş yeni düşüncə, yazı manerası “İşıq-qadın”a böyük sevgi qazandırır. Mövzuların ruhunda zəngin tarixi faktlar, həyati yaşamlar, gerçəkliklər öz ifadəsini tapır.
Jurnal hər sayında “İşıq” qəzetini müdrikcəsinə yada salır, zamanında böyük əks-səda doğuran bu məcmuənin ömrünə sanki yeni bir ömür bəxş edir. Bugünkü “işıqçılar” sələfləri olan “işıqçıların” həyatlarını öyrənir, onları gənc nəslə tanıtmağa səy göstərirlər.
Xatlrladaq ki, 1911–1912 illərdə Bakıda nəşr olunan “İşıq” Azərbaycan mətbuatında ilk qadın qəzeti kimi tanınıb. O vaxt 68 nömrəsi çıxan qəzetin redaktoru maarifpərfər ziyalı Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov idi. Qəzetdə elmi-pedaqoji, ədəbi-bədii yazılar, evdarlığa və təbabətə dair məqalələr üstünlük təşkil edib.
Hazırda Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi, nəşrin qurucusu professor Teymur Əhmədovun rəhbərliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə yenidən nəşr olunmağa başlayıb.