Hakimiyyət «Sərhədsiz Reportyorlar»ın hesabatını qərəzli sayır
Bölmə: MEDİA › ,Tarix: 13:51 12.02.2015
Hakimiyyət «Sərhədsiz Reportyorlar»ın hesabatını qərəzli sayır
“2014-cü ildə bütün dünyada mətbuat azadlığının durumu pisləşib. Müharibələr, qeyri-hökumət qüvvələri tərəfindən artan təhlükə, nümayişlər zamanı zorakılıq və iqtisadi böhran fonunda media azadlığı beş qitənin hər birində getdikcə azalmaqdadır”.
“Sərhədsiz Reportyorlar” təşkilatı “Dünyada Mətbuat Azadlığı İndeksi” adlı növbəti hesabatını açıqlayıb.
Reytinq cədvəli 180 ölkəni əhatə edir.
Azərbaycan bu indeksdə 180 ölkə arasında ən sonuncu yerlərdən birində - 162-ci yerdədir.
Cədvəlin top üçlüyünü Skandinaviya ölkələri tutur. Artıq beşinci ildir ki, media azadlığının ən yaxşı durumuna görə Finlandiya siyahıya liderlik edir. Daha sonrakı yerlərdə Norveç və Danimarka gəlir. Ən pis göstərici Türkmənistan, Şimali Koreya və Eritreyadadır. Fransa cədvəldə 38-ci (ötən ildən bir pillə irəli), ABŞ 49-cu (ötən ildən üç pillə aşağı), Rusiya 152 (ötən ildən dörd pillə aşağı), İran 173 (dəyişiklik yoxdur) və Çin 176-cı (ötən ildən bir pillə aşağı) yerdədir.
Azərbaycan hakimiyyəti təşkilatın hesabatlarını qərəzli adlandırır, ölkədə mətbuat azadlığı daxil olmaqla, bütün təməl insan haqlarının təmin olunduğunu bildirir.