ƏN BÖYÜK HAQSIZLIQ...

Bölmə: MEDİA › ,
Tarix: 15:54 13.02.2015

Ən böyük haqsızlıq...

Yox, bunu axırda deyərəm. Əvvəli belədir ki:
Təxminən cənnət deyilən yerə oxşatmaq olardı oranı. Günəş başqa rəngdə və istidə. Ay başqa rəngdə və soyuqluqda. Rənglər çox aydın. Qoxular təmiz. Qorxular asanlıqla götürülən. Düzdü, hər şey çox böyük və hündür idi. Amma çox gözəl. Hava ciyər dolusu. Yağış torpaq qoxulu. Orda suyun da şirə kimi öz yaddaqalan dadı var idi. Yeməklər, meyvələr, şirniyyat nəsə başqa ətirdə, başqa dadda. Hələ adamları demirəm. Nəvaziş, qayğı göstərirdilər. Nəsə sonralar mən heç elə yer görmədim. Ora qayıtmaq istəmərəm əlbəttə. Çünki heç kimi daimi özündə saxlamır oralar. Amma unudulası yer də deyildi. Nə isə. Lənətə gəlmiş uşaqlığı deyirəm.

Yəni:
Biz bir də anamızın qucağında gəzməyəcəyik. Biz bir də anamızın əlindən tutub harasa getməyəcəyik. Biz bir də bir yerimizə nəsə olanda ağlayıb anamızın üstünə qaçmayacağıq. Biz bir də üstümüzü bulayanda anamızdan qorxmayacağıq. Biz bir də heç kimə demədiyimiz sirrimizi anamıza deyə bilməyəcəyik. Biz bir də... Nə isə. Çoxdu ey, hansını deyim.

Deyirəm ki:
Səni sonradan bəlkə də çoxları içinə salacaq, ürəyinin başında gəzdirəcək. Niyə də yox. Amma bir də heç vaxt heç bir qadın əvvəl bir müddət ürəyinin altında gəzdirib sonra içindən çıxartmayacaq...

Yenə də:
Yaxşı ki, axırda ölmək var. Və yaxşı ki, axırda bizi çiyinlərdə də olsa gəzdirib aparıb torpağın qucağına verirlər. Deyirlər bizi oralarda anamız gözləyir...

Elə ona görə də, bütün haqsızlıqları boş ver. İnsanı dünyaya ən yaxın adamı-anası gətirir. Sonda da necəsə aparıb onu ən yaxın adamına - anasına verməlidilər.

Və o vaxta qədər:

Ən böyük haqsızlıq anasızlıqdı...

P.S. Yazı müəllifin "Facebook" səhifəsindən götürülüb.