Neftin qiyməti bahalaşıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:38 14.02.2015
Londonun ICE birjasında keçirilən hərracda brent markalı neftin barrelinin qiyməti 6,8 faiz bahalaşaraq 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq 60,01 dollara çatıb.
Rusiyanın NTV telekanalının verdiyi məlumata görə, analitiklər neftin qiymətinin qalxmasına Minskdə Ukraynanın şərqindəki münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinin səbəb olduğunu düşünürlər. Ekspertlərin fikrincə, Minsk razılaşması treyderlərin Rusiyaya əlavə sanksiyaların tətbiq olunacağı ilə bağlı narahatlığını bir qədər azaldıb.
Qara qızılın bahalaşmasına, həmçinin aparıcı dünya hasilatçılarının investisiyaları azaltmaqda davam etdiyinə dair xəbərlər də təsir göstərib. Fransanın Total neft-qaz kompaniyası 2015-ci ildə personalı azaltmaq, kapital xərclərini 10 faizdən çox və kəşfiyyat büdcəsini 30 faizə qədər ixtisara salmaq yolu ilə 4 milyard dollara qənaət etməyi planlaşdırır.
Bununla yanaşı, ekspertlər neft bazarında yaxın zamanlarda təklifin hiss olunacaq dərəcədə enməsini və qiymətlərin ciddi surətdə artacağını gözləməyin əbəs olduğu barədə xəbərdarlıq ediblər. Onlar Şimali Amerikada hasil olunan neftin həcmində azalmanın olmayacağı, ABŞ və Çinin iqtisadi aktivliyinin artmayacağı təqdirdə bazarda önəmli dəyişikliyin baş verməyəcəyini vurğulayıblar.