Jurnalistikanın zəliləri
Bölmə: MEDİA › ,Tarix: 14:42 21.02.2015
Allahverdi Şəfiyev, Lider TV-nin əməkdaşı
Medianın inkişafı Azərbaycan hökümətinin prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə doğrudan da çox ciddi addımlar atılıb və atılmaqdadır. Amma hökumətin bu təqdirə layiq addımlarına baxmayaraq hələ də jurnalistikada böyük boşluqlar var. Kifayət qədər peşəkar kadrların və bacarıqlı insanların olduğu bir halda nəyə görə Azərbaycan jurnalistikası yerinda sadalayır? Səbəb və ya Səbəbkar kimdir !?
Reportyorluğun nə olduğunu ancaq kitab və nəzəriyyələrdə bilən, əlinə mikrafon alıb bir dəfə də olsun düzgün reportaj hazırlamayanlar indi durub adama ağıl verəndə havalanmayasan nə edəsən?! Süjetlə reportajın anlayışını və onun hazırlanmasından naşı olan birisi bu gün durub illərini bu sənətə həsr edən birisinə dərs keçir və ya dərs keçməyə cəhd edir. Bax, bu prosess baş verdikdə maraqlı paradoks alınır. “Ağıllı” izah edir təbii ki, öz “savadına” uyğun onu dinləyən isə bu sözlərə gülür. Bu gülüş kinayə dolu bir gülüşdür. Çünki jurnalistika fəlsəfəsindən dəm vuran, jurnalistin əsl problemini dərdini bilmir. Bilsə belə onu anlaya bilmir. Nümunə üçün çox demirəm heç olmasa bir süjeti göstərsələr, Vallah deyərəm oturduğun yer, tutduğun vəzifə sənə halaldır. Bu bir növ bilirsiz nəyə bənzəyir? Rəssamdan onun çəkdiyi əsər barədə yox fizika sahəsindən sual verib onun təəcüb dolu simasına baxaraq nə oldu, niyə cavablandırmırsız sualı, başa düşmədiniz, siz neçə rəssamsınız, anlamadım” deyib qarşındakını savadsız özünü isə hərşeyşünas kimi qələmə verəsən.
Əslində peşəkarlıq etik prinsiplərlə birbaşa bağlı olan bir məsələdir. Peşəkarlığa bir əmtəə kimi yanaşılmalıdır. Bir jurnalist ona görə peşəkar olmağa çalışmalıdır ki, özünə ad qazansın, pul qazansın, mövqeyini yaxşılaşdırsın. Əgər peşəkarlığa qiymət verilmirsə, jurnalist niyə gedib həftələrlə treninqlərdə oturmalı, təhsilini artırmalı, işini yarımçıq qoyub harasa gedib əlavə təhsil almalıdır. Kollektivin ab-havasından da çox şey asılıdır. Mən söz-söhbətlərin, intriqaların olduğu yerdə işləyə bilməzdim. İş yerimiz bizim ikinci evimiz, kollektivimiz ikinci ailəmiz sayıla bilər. 24 saatından çoxunu işdə keçiririk. Burada neqativ ab-hava üstünlük təşkil edərsə, STİMUL deyilən bir anlayış olmazsa işimizin keyfiyyəti yüksək ola bilərmi?! Şükür ki, mən bu vəziyyətin qurbanı deyiləm. Amma əksər qələm yoldaşlarım bu halla rastlaşırlar.
Mən həmişə demişəm və bir daha təkrar edirəm. Azərbaycan xalqı çox bacarıqlı və istedadlı həmçinin yaradıcı bir xalqdır. Sadəcə şəxsi ambisiyalar və vəzifəsini itirmək qorxusu istedadların kölgədə qalmasına gətirib çıxarır. Mən çəkinmədən deyirəm - bu qəbildən olanlar nə vətənpərvər, nədə peşəkarlardır. Belələrinə “Vətəninin uğurları naminə çalışmaq istəyənlərin arzu şamına üfürən alçaq” adını vermək olar.
Doğrudur, 10 il əvvəllə müqayisədə jurnalistikada tədrisin səviyyəsi yüksəlib, həm dövlət, həm özəl universitetlər müəyyən töhfələr veriblər, müəyyən dərəcədə maddi-texniki baza yaradılıb, amma ehtiyac var ki, səviyyə daha yüksəyə qalxsın. Danılmaz faktdır ki, savadlı, bilikli, intellektual cəmiyyətin yetişməsi üçün jurnalistikanın inkişafına böyük ehtiyac var. Təsəvvür edin dünyanın heç bir yerində jurnalist universiteti bitirən kimi işə başlamır. Müəyyən dərəcə praktika keçir, sonra hazır jurnalist ola bilir. Amma bizdə tam əksinə. Düzdür “stajor” qismində müəsissəyə gələn gəncə bəzi nəzəri biliklər təkrarən aşılanır, amma iş prinsipinə gəldikdə isə bu kortəbii aparılır (əksər teleradio və mətbu orqanlarında bu belədir). Bunun da subyektiv və obyektiv səbəbləri var.
Üzümü həmin insanlara tutub deyirəm: universiteti bitirib və bu sahənin sirrlərinə yiyələnmək istəyən gəncləri “GOOGLE.COM”-dan aslı eləmək lazım deyil. Jurnalist xəbər yazmağı öyrənməlidir, sayıtlardan “COPY-PAST” funksiyasını yox. Buna nəzarəti bu sahədə püxtələşmiş rəhbər şəxs edə bilər. Amma əlinə mikrafon alıb çəkiliş meydançasında bir dəfə də olsun olmayan və ya olsa da “parket çəkilişindən” başqa bir yazı yaza bilməyən şəxs, öyrənmək istəyəni neçə öyrədə bilər!? Jurnalistin gücü onun qələmidir. Bəs qələmsizlər niyə zəli kimi bu sahənin canına hopub və onu enerjisini sovurub məhv eləmək istəyirlər!?
Ümumiyyətlə böyük uçurum astanasında olan Jurnalistika sahəsində ciddi islahatlara ehtiyac var. Bu sahəni seçənlər üçün xüsusi istedad və intellektual hazırlıq tələb olunur. Çünki hər yazı yazmağı bacaran jurnalist ola bilməz və deyil.
Mən bu sahənin vurğunuyam, aşiqiyəm. Jurnalistikaya sevərək gəlmişəm və bu sevgimi heç bir NAŞI söndürə bilməz. Mənim üçün jurnalistikanın şahı xəbər, reportaj və jurnalist araşdırmalarıdır. Jurnalist fanatikcəsinə çalışmadıqda, bu peşənin romantikası onun gözündən düşür. Təəsüflər olsun ki, bu sahədə bu cür çalışmaq istəyi indi çox az sayda həmkarımda qalıb. Onlar heç bir stimul olmadan, peşəkarlıqları stimullaşdırılmadan abırlarına sığınıb işlərini davam etdirirlər. Onların qarşılarını süni maneələrlə kəsmək əvəzinə qibtə edib, şərait yaradıb və alqışlamaq lazımdır.