“Media Party” jurnalistləri bir araya gətirir

Bölmə: MEDİA › ,
Tarix: 17:20 27.02.2015

Bakıda 8 Mart Qadınlar günü münasibətilə növbəti “Media Party” təşkil olunacaq. Məqsəd günün 90 faizini işə həsr edən jurnalistlərə sərbəst və səmimi bir mühitdə vaxtlarını xoş abu-havada keçirmələrinə, gündəlik iş həyatından bir neçə saatlıq da olsa uzaqlaşıb, stressdən azad olmalarına zəmin yaratmaqdır. Eləcə də bu sahədə yeni olan jurnalistləri peşəkarlarla görüşdürmək, tanış etmək və fikir mübadiləsinin, müzakirələrin aparılmasına şərait yaratmaqdır. 80-dən çox jurnalistin iştirak etdiyi ilk “Media Party” fevralın 2-si Gənclər gününə həsr olunmuşdu. Bu tədbirdən razı qalanlar da olmuşdu, əksinə narazılıq edənlər də. İlk tədbir göstərdi ki, peşəkarlar bu tədbirə elə də maraq göstərmirlər. Səbəbini özləri izah edəcək.



İlqar Əlfioğlu, tanınmış jurnalist - Qoşulmaq istərdim. Lakin inanmıram ki, vaxtım ola. Amma bu qəbil tədbirləri yüskək qiymətləndirirəm. İnsanların yaxınlaşmasına xidmət edən tədbirlər sırasındandır. Elə düşünürəm ki, jurnalistlərin siyasi maraqlardan uzaqlaşıb öz maraqlarını qorumasının zamanı çoxdan yetib. Mən istərdim ki, bu tədbiri də jurnalistlər ortaq korporativ marağının formalaşmasına xidmət etsin. 



Nəmənd Rüstəmov, ATV+, baş redaktor - Əslində təşəbbüsü bəyəndim. Gənclər çox maraqlı formatda yanaşıb məsələyə. Bu “party”lərin hansı üslubda keçirildiyini dəqiq bilməsəm də, sadəcə artıq 100 nəfərdən çox gəncin, illah da qələm əhlinin, jurnalistin eyni məqsədlə bir araya gəlməsi, o mövzuda müzakirələr etməsi çox alqışalayiq haldır. Arzu edirəm bu cür toplantılarda müzakirələr sağlam ortamda və faydalı polemika şəraitində keçsin. Seçilən mövzu da maraqlıdır - qadın, zərif, zəif eyni zamanda dominant varlıqlardan danışılacaq. Birgə müzakirə və əyləncə - hər halda maraqlı və cazib görünür. Gənclik sabahın direktivləri diktə edəcək gücü deməkdir. Gənclərin yanında olmaq, onların azad və rahat bir ortamda müzakirələrində ən azı iştirakçı kimi olmaq maraqlı gəlir. Sadəcə gərgin iş qrafiki ilə bağlı tədbirə qatıla biləcəyimə inanmıram. Uğurlar təşəbbüskarlara da, iştirakçılara da!!!



Xaqani Səfəroğlu, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri - Belə “party” haqqında ilk dəfədir eşidirəm. Odur ki, bunun təşəbbüsçüləri barədə heç bir məlumata malik deyiləm. Belə bir ideya yaxşıdır. Amma onun necə reallaşdığı məlum deyil. Sponsor hesabına mümkün olursa, bu yolverilməzdir. Jurnalistə istirahəti üçün kənardan pul ödənməsi KİV-in bitərəfliyi və obyektivliyi üçün ciddi problemdir. Əgər ölkədə Həmkarlar Təşkilatının xətti ilə belə “party”lər keçirilsə, o zaman bu barədə nəsə demək olar. Sözügedən tədbirin formatı və maliyyə mənbələri mənim üçün naməlum olduğuna görə, iştirak etmək fikrim yoxdur. 



Vəsilə Vahidqızı, İTV, aparıcı - Jurnalistlərin toplanması və müzakirələr aparması, bir-birini tanıması maraqlı və vacibdir. Bu tip ünsiyyət mexanizmləri aqressivliyi azaldır və həmrəylik yaradır. 8 martda xanım dostlarımdan bir neçə tədbirə də dəvət alımışam, hələ ki qərar verməmişəm. Amma çox güman ki, mən o günü anamı təbrik etməyə gedəcəm. Bacı-qardaşlarımla birgə. 



İlqar Rəsul, APA TV-nin direktor müavini - Bu cür tədbirləri əlbəttə ki, alqışlayıram. Hesab edirəm ki, belə yığıncaqlar jurnalistlərə çox şey verə bilər. Yalnız iş şəraitində görüşmək jurnalistlər üçün nə qədər geniş ünsiyyət imkanı yaratsa da, müzakirələr baxımından bu cür tədbirlərdəki qədər səmərəli ola bilmir. Çünki jurnalistin fikrini əsasən görəcəyi iş məşğul edir. Hansısa kafedə və ya başqa yerdə iki-bir, üç-bir də görüşüb söhbətləşmək məhdud çərçivə sayıla bilər, belə tədbirlərlə müqayisədə. Çünki bu kimi tədbirlər, daha çox adamı əhatə edir və daha geniş, daha müxtəlif müzakirə imkanı yaradır. Belə tədbirə qoşulmamağımın səbəbi yalnız vaxt və ya hansısa qaçılmaz işlə bağlı ola bilər. Əlbəttə ki, çox istərdim bu yığıncaqda iştirak edim. 



Tünzalə Rafiqqızı, ANS TV, müxbir - Birinciyə qoşulmuşdum. Amma ikinciyə yox. Səbəbi odur ki, mən belə gözləmirdim. Tədbir mənə bir qrup gəncin şousu təsirini bağışladı.



Hacıbəy Heydərli, Azxəbər İnformasiya portalının baş redaktoru - Düşünürəm ki, jurnalistlərin bu cür “party”lərdə, rəsmi tədbirlərlə yanaşı, qeyri-rəsmi tədbirlərdə də biraraya gəlməsi yalnız müsbət haldır. “Media party”lər, bu cür görüşlər tez-tez keçirilsə, jurnalistlər arasında şəbəkələşmə də sürətlənər. 8 mart qadınlar günü öncəsi olacaq “party”ni də müsbət hal kimi qiymətləndirirəm. 



Rahil Sayadoğlu, ANS TV, aparıcı - Bakıda bu cür yığıncaqların olması yaxşı haldır. Həmkarlar bir araya gəlir, iş stressindən bir neçə saatlıq da olsa, azad olurlar. Başqa nə demək olar ki? Əladı. Mən ilk "Media party"də iştirak etmədim. Çünki dəvət olunmamışdım. 8 martda keçiriləcək yığıncağı da sizdən eşidirəm. Xəbərsizəm. Dəvət etsələr, iştirak edərəm. Etməsələr də, can sağlığı)))