Yeni Strategiyada qlobal trendlər açıqlandı - Sərəncamdan ÇIXARIŞ
Bölmə: Siyasət › ,Tarix: 19:03 28.08.2023
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair" 2023-2027-ci illər üçün strategiyanı təsdiq edib. Strategiyadakı qlobal trendlər hansılardır?
2.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün aşağıda
göstərilən müasir və yeni çağırışlar nəzərə alınır, qabaqcıl təcrübələrdən istifadə edilir:
2.1.1. informasiya təhlükəsizliyini real vaxt rejimində (“online”) qiymətləndirmə və
mühafizənin səmərəliliyini mütəmadi qiymətləndirmə texnologiyaları;
2.1.2. kibercinayətkarlığın xidmət kimi (“cybercrime as a service”) beynəlxalq səviyyədə yayılmasına əks-cavab olaraq kibertəhlükəsizlik xidmətlərini milli və beynəlxalq səviyyələrdə şəbəkələşdirmə və bununla daha da gücləndirmə, kibertəhlükəsizlik toru (“cybersecurity mesh”) arxitekturası;
2.1.3. informasiya təhlükəsizliyi ilə əlaqəli olan sahələrlə idarəetmə sistemləri arasında harmonizasiya, qurumdaxili və qurumlararası koordinasiya, beynəlxalq əməkdaşlıq, informasiya təhlükəsizliyini istiqamətləndirmə şuraları (“cyber-savvy boards”), informasiya təhlükəsizliyi ekosistemi;
2.1.4. informasiya təhlükəsizliyi ilə əlaqəli olan təchizat zəncirlərini standartlaşdırma
tədbirləri;
2.1.5. identifikasiya – çoxfaktorlu autentifikasiya və texniki vasitələrin identifikasiyası – konfidensiallığı gücləndirmək üçün kritik texnologiyalar;
2.1.6. “məsafədən iş”in geniş yayılması və bundan yaranan kibertəhlükəsizlik riskləri, mobil kibertəhlükəsizlik texnologiyaları;
2.1.7. qurumların texniki xidmətlərində və informasiya təhlükəsizliyində
hiperavtomatlaşdırma və burada informasiya təhlükəsizliyi tələblərinin pozulma hallarından yaranan zəiflikləri, riskləri idarəetmə texnologiyaları;
2.1.8. süni intellekt mühəndisliyi, idarəetmə üzrə qərarvermədə, riskləri, insidentləri
müəyyənetmədə, o cümlədən funksionallıqda anomaliyaları və konfiqurasiyada sanksiyasız dəyişiklikləri dərhal aşkaretmədə, qabaqlayıcı (preventiv) və bərpaedici (korrektiv) əks-tədbirləri hazırlamaqda süni intellekt, rəqəmsal etimad (“digital trust”) texnologiyaları;
2.1.9. “bulud” xidmətlərinin inkişafı, genişlənməsi və həm də onlara təhdidlərin artması, “paylanmış bulud” (“distributed cloud”) texnologiyaları;
2.1.10. informasiya təhlükəsizliyi sahəsində riskyönümlü modelləşdirmə, simulyasiya və kiberpoliqonlar texnologiyalar;
2.1.11. internetdə davranış mədəniyyəti, sosial mühəndislik “hücumları”nın və onlara əks-tədbirlərin daha da “ağıllı” olması, maarifləndirmə işinin genişləndirilməsi;
2.1.12. kiberhücum vektorlarının çoxalması, o cümlədən pandemiya kontekstində sürətlə artan kibertəhdidlər;
2.1.13. kibertəhdidlərə qarşı mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqi zərurəti;
2.1.14. kibercinayətkarlığın törədilmə üsul və vasitələrinin sürətli diversifikasiyası, o
cümlədən kriptovalyutaların geniş vüsət alması və müxtəlif cinayətkar məqsədlərlə istifadə olunması;
2.1.15. “ransomware” hücumlarının artması və bu hücumlara qarşı intensiv maarifləndirmə təşəbbüslərinin icra olunması;
2.1.16. “insayder” təhdidlərinin artması və bu təhdidlərə qarşı mübarizənin gücləndirilməsi;
2.1.17. kibertəhdidlərlə mübarizə aparılması üçün “çoxfaktorlu autentifikasiya”
metodlarından geniş istifadə zərurətinin yaranması;
2.1.18. insanların, proqram təminatı vasitələrinin internetdə (və digər qlobal şəbəkədə) ona qoşulmuş texniki təminat vasitələri ilə qarşılıqlı fəaliyyəti üçün yaranmış virtual mühitdə – kiberməkanda mühafizəsi tələb olunan rəqəmsallaşdırılmış məlumatların sürətlə çoxalması ilə əlaqədar təkmilləşdirilmiş mühafizə mexanizmlərindən istifadəyə dair ehtiyacın artması.
ÇİNARƏ MURADOVA