Tehran Ermənistana kömək etməklə dividend qazanmağı hədəfləyir
Bölmə: Siyasət › ,Tarix: 15:38 04.09.2023
İran mediası Xankəndidəki ermənilərin “ərzaq qıtlığı” şousunu Ermənistanın maraqlarına uyğun formada işıqlandırmağa davam edir. Siyasi şərhçilər Tehranın İrəvanın hərbi təcavüzünə dəstək gösəməsini təsadüfi hesab etmirlər.
Siyasi şərhçi Telman Nüsrətoğlu deyir ki, Tehran rəsmiləri dəfələrlə Ermənistanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını özlərinin qırmızı cizgisi kimi elan edib. “Biz, əlbəttə, Ermənistan-İran münasibətlərini xüsusi kontekstdə dəyərləndirməkdəyik. Getdikcə bu münasibətlərin inkişaf etdiyini, müttəfiqlik səviyyəsinə yüksəldiyini də qeyd etmək lazımdır. Hazırda Ermənistanın militarist, revanşist siyasətinin davam etdirilməsində də İranın müstəsna rolu var”.
Molla rejimi Ermənistana təkcə siyasi sahədə dəstək vermir, eyni zamanda İrəvanı silahlandırır. Bu barədə iddialar zaman-zaman müxtəlif yerli və xarici mətbuat orqanlarında gündəmə gəlir. Məsələn, İsrail mətbuatı məlumat yayıb ki, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yaşanılan insidentlərdə Ermənistan İranın “Şahid” dronlarından istifadə edib. Bu məsələ sadəcə iddia səviyyəsində də qalmır. Çünki İranın yüksək səviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, öz istehsalları olan pilotsuz uçuş aparatlarının alınması üçün 22 ölkə müraciət edib və onların arasında Ermənistan da var. Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, mümkündür ki, təxribatdan dərhal sonra baş tutan təmaslarda Papikyan Azərbaycana qarşı istifadə etmək üçün İran PUA-larının tədarükünü atırmaq barədə addımlar atsın. “Hərbi eskalasiyanın davam etdiyi bir fonda İran səfiri və hərbi ateşesi Ermənistan müdafiə naziri ilə görüşürsə, demək, İran tərəfi Ermənistana hərbi köməyini təklif edib və İran tərəfi Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanın baş verməsində maraqlıdır. Ermənistanı hərbi təcavüzə sövq edir və regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını göstərir. Bu, Tehran rejiminin anti-Azərbaycan siyasətinin tərkib hissəsidir”.
Aydın məsələdir ki, qlobal və regional səviyyədə Azərbaycanın önəmi getdikcə artmaqdadır. Üstəlik, hazırda türk dövlətlərinin inteqrasiyasının dərinləşməsi və Avrasiyada yeni bir güc ortaya çıxması müşahidə olunur. Belə bir şəraitdə Ankara-Bakı müttəfiqliyindən qorxan Tehran regiondakı müttəfiqinin hərbi cəhətdən güclənməsinə kömək etməklə dividendlər qazanmağı hədəfləyir. Amma növbəti mərhələdə İranın Cənubi Qafqazla bağlı qeyri-konstruktiv yanaşmasının öz əleyhinə çevriləcəyi və regiondakı geosiyasi mövqelərinin zəifləyəcəyi də istisna edilmir.
JALƏ