ERMƏNİSTAN ZİDDİYYƏTLƏR MƏKANINA ÇEVRİLİR
Bölmə: Siyasət › ,Tarix: 16:21 04.09.2023
Rusiyanın ittiham olunması, Laçın yoluna nəzarət edilməməsi və Qafqazı tərk etməklə bağlı fikirlər birbaşa olaraq Nikol Paşinyanın siyasi gündəliyi ilə üst-üstə düşür. Rusiya-Ermənistan münasibətlərində gərginlik yeni bir mərhələyə qədəm qoyub və bundan sonrakı dönəmdə Nikol Paşinyanın başının üzərində bir Rusiya təhlükəsinin olması mümkündür.
Politoloq İlyas Hüseynov bu açıqlama ilə çıxış edib. Bildirib ki, Paşinyanın son açıqlamaları və mövqeyini açıq ortaya qoymasından sonra Moskvanın Cənubi Qafqazda mövqeyini gücləndirmək və eləcə də İrəvanda anti-Rusiya meyillərinin formalaşmasına qarşı müəyyən addımlar atacağı gözləniləndir. “Rəsmi İrəvanın son dövrlərdə sərgilədiyi mövqe Ermənistan üçün o qədər də ürəkaçan olmayacaq. Paşinyan öz siyasətilə Ukraynadan sonra Ermənistanın yeni bir ziddiyyətlər məkanına çevirilmə ehtimallarını artırır”.
İlyas Hüseynovun sözlərinə görə, Rusiyaya meyilli qüvvələrin güclənmə prosesi baş verir ki, burada da maraqlı mənzərə formalaşır. “Ermənistan dövlət büdcəsindən Azərbaycan ərazisində separatizmi dəstəkləyir, ona maliyyə dəstəyi verir və bu maliyyə dəstəyi göstərilən kəsim hazırda həm də Paşinyana qarşı müxalifəti təmsil edir, Rusiyaya meyilli blokun tərkibindədir”. Politoloq deyir ki, Rusiya-Ukraniya müharibəsi fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınaraq Ermənistan iqtisadiyyatına əlavə dividentlər qazandıran iş adamları da bu gün Rusiyadan asılıdırlar və onlar çox rahatlıqla Nikol Paşinyanı sata bilərlər. “Eyni zamanda nəzərə almaq lazımdır ki, qarşıda İrəvan meri uğrunda da seçki keçiriləcək, artıq Qarabağdan sonra paytaxtın da itirilməsi gündəmə gəlib. Yəni bu Paşinyanın yürütdüyü siyasətin nəticəsidir, müharibədə uduzsa da, xalq ona etimad göstərmişdi". Politoloq bütün bunların Nikol Paşinyanın siyasətinin nəticəsi olduğunu, razılaşmaya uyğun hərəkət etmiş olsaydı mənzərənin tam fərqli ola biləcəyini də vurğulayır: “Azərbaycanla olan danışıqlarda qeyri-konstruktiv münasibət, ölkəmizə qarşı bir sıra qərəzli məqalələrin yazılması və bu tip tezislərin irəli sürülməsi ,Fransa merinin Azərbaycanla sərhədə gəlməsi, çoxsaylı tır şouları Paşinyanın siyasətinin iflasına gətirib çıxardı. Əgər əvvəlcədən məsuliyyətdən boyun qaçırılmasaydı, onda mənzərə tamamilə fərqli olardı. Lakin Nikol Paşinyan öz xislətinə uyğun olaraq radikal yolu tutmağa üstünlük verdi. Mövqelər itirilir, yüksək ehtimalla mövqelərin bərpası mümkün görülmür".
Aydan Qasımova