Türkiyə və Rusiya prezidentlərinin görüşü NƏLƏR VƏD EDİR?
Bölmə: Siyasət › ,Tarix: 20:57 04.09.2023
Bu gün Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri arasında danışıqlar başlayıb. Görüş "Rus" sanatoriyasında keçirilir. Görüş ilk olaraq nümayəndə heyətinin başlığı ilə təşkil olunacaq. Daha sonra görüş dövlət liderləri tərəfindən davam etdiriləcək. İNFORMATOR.AZ saytı bu görüşlə bağlı politoloq Anar Əliyevdən aldığı açıqlamanı təqdim edir.
Politoloqun sözlərinə görə, çox əhəmiyyətli və bölgənin taleyi ilə bağlı mühim qərarların veriləcəyi gözlənilən bu görüş həm Rusiya-Türkiyə dövlətinin, həm də bölgə ilə bağlı maraqları olan bir çox beynəlxalq güclərin diqqət mərkəzindədir: "Azərbaycan tərəfindən də diqqətlə müşahidə edilən bu görüş zamanı bir neçə istiqamət üzərində danışıqlar aparılacaq və vacib qərarlar alınacaq. Xüsusilə, Türkiyə və Rusiya arasında münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi Türkiyənin Rusiya üçün idxal və ixrac əməliyyatlarını davam etdirməsi, ticarət prosesində Rusiyanın yeganə dünyaya çıxış bazarı kimi baxdığı Türkiyə və Qafqaz üzərindən proseslər yenidən diqqət mərkəzinə alınacaqdır. Hesab edirəm ki, böyük güc iddiasında olan Rusiyanın kifayət qədər zəif olan iqtisadi imkanlarla buna nail ola bilməyəcəyi və böyük xammal ehtiyatlarına sahib olan Rusiyanın dünya bazarından çıxarmaqla iddialarının arxasında iqtisadi güc formalaşdırmaq istəyi ilə bağlı məsələlər müzakirə ediləcək. Bu prosesdə Türkiyənin üzərinə çox ciddi rol qoyulacaq. Çünki Rusiya qərb rəqibləri ilə müqayisədə kifayət qədər iqtisadi imkanlar baxımından geridədir."
Politoloq onu da əlavə edib ki, dünyanın təsdiqlənmiş təbii ehtiyatlarınIN təxminən 20 faizi Rusiyanın ərazisində yerləşir. Bu potensialdan istifadənin Rusiyanın öz iddialarını həyata keçirmək üçün nə qədər əhəmiyyətli olduğunu başa düşən Putin hakimiyyəti bu imkanları reallaşdırmaq üçün alternativ variantlar üzərində iş aparır: "Bu baxımdan şimal-cənub dəhlizinin işə düşməsi Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə üzərindən dünya bazarlarına Rusiya xammalının çıxarılması bir o qədər əhəmiyyət daşıyır. Həmçinin, karbon-hidrogen ehtiyatların da Türkiyə vasitəsilə həm Avropaya, həm də bütövlükdə dünya bazarlarına çıxarılması bu gün prioritet hədəflərdən və istiqamətlərdən biridir. Həmçinin, 10 noyabr bəyanatı ilə Azərbaycanın da çox ciddi şəkildə reallaşması üçün çalışdığı Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan bölgəsi ilə birləşdirəcək. Nəqliyyat və dəmir yolu xəttinin çəkilməsi həmin bəyanatda öz əksini tapıb. Lakin bu layihə Azərbaycanın, Türkiyənin bütövlükdə türk dünyasının maraqlarına xidmət etməklə yanaşı, həm də Rusiyanın iqtisadi imkanlarını və ticari əlaqələri baxımından mühüim əhəmiyyət kəsb edir. Buna baxmayaraq, 10 noyabr bəyanatının imzalanmasından sonra layihənin Ermənistan və onun havadarları tərəfindən reallaşmasına imkan verilməməsi, nəticədə, bölgədə Rusiyanın maraqlarına ciddi zərbələrin vurulması deməkdir. Bu mənada hesab edirəm ki, müzakirə mövzularından biri də Cənubi Qafqazdakı məsələlər, xüsusilə, Zəngəzur dəhlizi məsələsi olacaqdır".
Anar Əliyev hesab edir ki, iki lider arasında bu istiqamətdə mühüm qərarların qəbul edilməsi gözlənilir: "Ən mühüm məsələlərdən biri də taxıl dəhlizi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasıdır. Bildiyimiz kimi, ötən ilin avqustunda imzalanmış taxıl razılaşmasının müddətinin başa çatması ilə Rusiya tərəfi Ukrayna taxılının dünya bazarına çıxarılmasına imkan vermir. Belə olduğu halda dünya səviyyəsində çox ciddi ərzaq böhranının baş verməsi proqnozlaşdırılır. Ancaq Rusiya və Türkiyə liderləri arasında keçirilən görüşdə mövzulardan biri də Türkiyənin vasitəçiliyi ilə taxıl dəhlizinin açılması və Rusiyanın maraqlarına uyğun razılığın əldə edilməsi ilə yanaşı, Türkiyənin nüfuzunun qorunub saxlanmasına xidmət edən razılaşma həyata keçiriləcək. Digər mövzulardan biri də Türkiyə və Rusiya valyutasına qarşı həyata keçirilən qlobal səviyyədə çox ciddi iqtisadi müharibənin qarşısının alınmasına qarşı birgə fəaliyyət məsələləri olacaq. Baxmayaraq ki, NATO səviyyəsində müttəfiq münasibətlərinə sahibdirlər. Hər zaman sözdə Türkiyənin maraqlarına uyğun davranış nümayiş etdirdiklərini bəyan edirlər. Ancaq ABŞ başda olmaqla, Qərb müttəfiqləri daim Türkiyəni zəiflətməyə, qərbin nəzarəti altında olan bir dövlətə çevirməyə çalışıblar. Ərdoğan rəhbərliyində müstəqil iqtisadi-siyasi gücə çevirmə iddiasını ortaya qoyan Türkiyə heç də imperialist qərbin maraqlarına deyil, indiki şəraitdə Rusiyaya qarşı mübarizənin müəyyən bir qismində iqtisadi alətlərdən istifadə etməklə Türkiyəyə qarşı istifadə edilir. Nəticədə, Türkiyə iqtisadiyyatı xüsusilə, milli valyutası çox ciddi təzyiqlər altındadır. Baxmayaraq ki, Türkiyə iqtisadiyyatı ötən il müddəti ərzində bir neçə faiz böyümə nümayiş etdirib. Dünya səviyyəsində sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Hesab edirəm ki, digər mövzu milli valyutaların qorunmasına xidmət edən qarşılıqlı ticarətin mili valyutalar üzərindən həyata keçirilmə məsələsi olacaqdır".
Politoloq bildirir ki, bu addımların dollardan asılılığın aradan qaldırılmasına və milli valyutaların dəyərinin qorunması istiqamətində ciddi istiqamət kimi qiymətləndirilə bilər: "Bütövlükdə Rusiya və Türkiyə prezidentləri arasında görüş bölgəmizin gələcəyi üçün mühim bir görüş kimi qiymətləndirilir. Türkiyə prezidentinin iştirak etdiyi istənilən görüşdə Azərbaycanın da maraqları daim öndə dayanıb. Türkiyə olmadığı yerdə Azərbaycan prezidenti hər zaman Türkiyənin maraqlarını qorumağa çalışdığı kimi Türkiyə də daim Azərbaycanın maraqlarını öndə tutubdur. Bu görüş zamanı da Cənubi Qafqazdakı proseslər xüsusilə də Qərb qüvvələr tərəfindən yenidən gərginləşdirilməyə çalışan Cənubi Qafqazdakı münasibətlərin Türkiyə və Rusiyanın vasitəçiliyi ilə tənzimlənməsi perspektivliyi göz önünə çıxacaq".
Fatimə Mustafayeva