Afrika qitəsində çevrilişlər - FRANSA DETALI
Bölmə: Siyasət › ,Tarix: 21:42 04.09.2023
Afrikada ard-arda baş tutan hərbi çevrilişlər bütün dünyanın gözlərini qitəyə çevirib. Son olaraq Qabonda baş tutan çevriliş bərabərində bir çox sual gətirib. Qabonda nə baş verir? Bölgə əhalisi çevrilişlə bağlı nə düşünür? Ard-arda baş tutan hadisələrin mərkəzində nə dayanır?
Qabonda baş verən hərbi çevriliş və hakimiyyətə generalın gətirilməsi son dövrlər Afrika qitəsində yerləşən dövlətlərdə bir növ adət halını alıb. Belə ki, 2020-ci ildən etibarən Mali, Sudan, Qvineya, Burkina Faso, Qvineya-Bisau və son olaraq keçən ay Nigerdə çevriliş baş tutub. Ekspertlər bildirirlər ki, Afrikada ardıcıl çevrilişlərin başlıca səbəbi artıq yerli əhalinin, hakimiyyətdə olan ailələrin uzun müddətli monarxiyalarından və ölkədəki vəziyyətin getdikcə pisləşməsindən təngə gəlmələridir.
Maraqlıdır, Afrikada çevriliş baş tutan ölkələrin əksəriyyəti Fransanın keçmiş müstəmləkəsi olub. Eyni şəkildə sözügedən ölkələr azadlıq əldə etdikdən sonra belə, Paris Niger, Qabon və bir çox Afrika ölkələrinin sərvətlərini qarşılıqsız olaraq mənimsəyib. Belə ki, Qabon uran, neft və bir çox daxili sərvətə sahib olsa belə əhali daimə yoxsulluq içərisində yaşayıb. Avropa İttifaqı və təbii ki, əsas üzvü Fransa bütün bu sərvətləri demək olar qarşılıqsız istifadə ediblər. Bütün bu faktlar isə qitədəki çevrilişlərin bir digər səbəbinin Paris və Afrika arasında müstəmləkəçilik münasibətləri olduğunu deməyə əsas verir. Hətta çevriliş olduqdan sonra Nigeriyanın Fransa qüvvələrini ölkədən çıxartmaq istəməsi də buna ən böyük sübutdur.
Fransanın ABŞ-dəki keçmiş səfiri Jerar Aro bildirib ki, ümumi Afrika strategiyası üzərində aydın Avropa birliyinin olmaması regionda hazırda yaşanan xaosa töhfə verir: “Artıq ölkələr arasında siyasi və iqtisadi münasibətləri normallaşdırmağın vaxtı çoxdan çatıb və Fransa öz afrikalı tərəfdaşlarına suveren dövlətlər kimi yanaşmalıdır. Bunu diplomatların və şirkətlərin ixtiyarına verin və hərbi yanaşmadan tamamilə uzaq olun”.
Digər tərəfdən Afrikada baş tutan çevrilişlərin arxasında Rusiyanın əlinin olduğuna dair müxtəlif iddialar səsləndirilir. Hətta ölümündən əvvəl "Vaqner" silahlı birləşmələrinin rəhbəri Yevgeni Priqojinin qitədə olması da bu iddianı gücləndirir.
Qabon QHT-lərinin icraçı direktoru Geoges Mpaga hesab edir ki, Rusiyanın burada heç bir rolu olmamalıdır: “Burada çevriliş etmək istəyənlər tamamilə vətəndaşlar idi. Əli Bonqonun diktaturasından yorulan vətəndaşlar... Çünki Bongo Qabonu Fransanın nəzarəti altına almağa çalışan bir hökmdardır. Bu çevriliş isə bunun qarşısını alacaq. Və düşünürəm ki, nə Rusiyanın, nə də başqa bir ölkənin buna təsiri yoxdur”.
Qeyd edək ki, hər nə qədər çevriliş baş tutan ölkələrdə əhali mövcud vəziyyətdən məmnun olsalar da, Avropa İttifaqı və Qərb Afrikadakı çevrilişləri bölgə üçün təhlükə hesab edir. Buna baxmayaraq bir qrup ekspert bölgədə mövcud olan çevriliş dalğasının hələ bir müddət davam edəcəyini düşünürlər.
Cavid