Ermənistanda Rusiya bazasına hücum-Ermənistan, Fransa,yoxsa Rusiya?
Bölmə: Siyasət › ,Tarix: 22:44 04.09.2023
Son dövrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq meyillərinin gücləndiyi Ermənistanda Rusiya bazasına hücum edilib. İnsidentin detalları ilə bağlı açıqlama verilməməsi isə hadisənin kim tərəfindən törədildiyinə dair bir neçə versiyanın ortaya çıxması ilə nəticələnib. 102-ci hərbi bazaya hücumu Ermənistan, Fransa, yoxsa Rusiyanın özü reallaşdırıb?
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasına hücum olub. Bu barədə rusiyalı hərbi müxbir Semyon Peqov sosial şəbəkə hesabında paylaşım edib. O, hadisə ilə bağlı təfərrüatlı məlumat verməyib. Amma ümumilikdə belə bir hadisə gözlənilən idi. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın siyasətində Rusiyanın hərbi bazalarını Ermənistandan çıxarmaq, həmçinin ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmaq meylləri özünü göstərir. Uzun müddətdir KTMT- yə qarşı çıxışlar edən baş nazir, təşkilatın bu ay baş tutacaq “Qaya-2023” təlimlərində iştirakdan imtina edib. Görünən odur ki, indi də hərbi bazalarla bağlı tədbir görməyə başlayıb. Bu planın davamı olaraq növbəti mərhələdə Ermənistanda Rusiya əleyhinə mitinqlərin keçirilməsi, hətta hərbi bazaların çıxarılması istiqamətində petisiyanın da hazırlanması istisna edilmir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, məhz Gümrüdə 102-ci baza hərbi hücumun təşkil edilməsi də əlbəttə ki, hakimiyyətin apardığı siyasi kursun məntiqi nəticəsidir: “Çünki bu şəraiti Ermənistan hakimiyyəti Ermənistan hökuməti yaradır və anti Rusiya isteriyası demək olar ki, Rusiyanın bu ölkədə hərbi bazalarına qarşı hücumların baş verməsi ilə nəticələnir. Və düşünürəm ki, Ermənistanla Rusiya arasında münasibətlər daha da kəskinləşəcək, siyasi böhrana gedəcək”.
Siyasi şərhçi Elxan Şıxəliyev isə hesab edir ki, indi Ermənistan Rusiyanın hərbi gücünü, siyasi gücünü və təzyiqini neytrallaşdırsın və Ermənistan üzərindən ən azından Rusiyanın təzyiqlərini, hərbi gücün mövcudluğunu sıfırlasın: “Yəni Rusiya 102-ci bazasını Federal Sərhəd Xidmətinin oradan çıxarılmasına yönəlik atılan addımlardır. Ona görə də kriz gərginləşəcək bu kimi hadisələrin davamı gələcək. Ola bilsin ki, fərdi qaydada Rusiya hərbçilərinə qarşı hər hansı təxribatlar da törədilə biləcək. Rusiya sülhməramlılarının Qarabağdakı heyətinə də qarşı ermənilərin yeni, çoxşaxəli diversiya və təxribat fəaliyyətləri olacaq”.
Təbii ki, Nikol Paşinyanın yürütdüyü siyasət nəzərə alınanda, 102-ci hərbi bazaya edilən hücuma görə ilk növbədə Ermənistanın məsuliyyət daşıdığı düşünülür. Amma burada bir neçə fərqli ssenari də mümkün ola bilər. Çünki Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənmək istəyən bir neçə aktor var. Bu baxımdan, Gümrüdəki insidentə iki istiqamətdən yanaşmaq olar.
Siyasi şərhçi Əli Zülfiqaroğlu bildirir ki, hadisəni Qərb törədib: “Rusiyaya verilən mesajı burada ondan ibarətdir ki, Rusiya qlobal cəbhələşmələrdə heç bir yerdə rahat fəaliyyət göstərə bilməyəcək. Digər bir məsələ isə ondan ibarətdir ki, hücumu Rusiya özü təşkil edib və burada əsas yaratmaq ondan ibarətdir ki, Rusiya bu bəhanədən istifadə edərək Ermənistana yeni hərbi birləşmələrin daxil edilməsi ilə bağlı qərar verə bilər”.
Aydın görünür ki, bir tərəfdən Fransanın diktəsilə hərəkət edən Ermənistan Rusiya ilə bağlı siyasətində də ehtiyatlı davranır, yəni bir növ Fransa-Moskva arasında manevr etməklə məşğuldur. Amma Paşinyan Administrasiyasının bu qətiyyətsiz siyasəti ilk növbədə Ermənistanın özünə çox ciddi zərbə vura, Rəsmi İrəvan qlobal güclərin qarşıdurma mərkəzinə, bir-birilərini sınaqdan keçirdikləri poliqona çevirə bilər.
Jalə