Paşinyan Azərbaycanla baş-başa qalacağı günün qorxusunu yaşayır

Bölmə: Siyasət › ,
Tarix: 23:16 04.09.2023

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərindən məmnun deyil. Bunu onun qərb mediasına verdiyi açıqlamada aydın görmək olur.


Ermənistan hakim dairələrinin bölgədə vəziyyəti gərgin saxlamaq cəhdlərinin ardı-arası kəsilmir. Son 4 gündə 20-yə yaxın təxribat xəbərinin ardınca Ermənistanın baş nazirinin son açıqlamaları Paşinyan hakimiyyətinin sülh istəmədiyini göstərdi. Söhbət Nikol Paşinyanın İtaliya mediasına verdiyi müsahibədən gedir. Əvvəla onu deyək ki, baş nazir nitqi boyunca bütün proseslərin mərkəzində Kremlin olmasına işarə edib. Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarının görüşü ərəfəsində belə bir açıqlama verməsi rəsmi Moskva ilə münasibətlərin daha da qəlizləşə biləcəyindən xəbər verir. Kremlin məsələyə səssiz qalacağı isə gözlənilmir.

Siyasi şərhçi Turan Rzayev hesab edir ki, Paşinyan özü də məqsədyönlü şəkildə Qərbdən aldığı dəstək vasitəsilə regionda sülhə mane olan açıq addımlar atmaqdadır: “Son sərhəd təxribatları əslində bunun ən əyani göstəricisidir. Şübhəsiz ki, Paşinyanın bu açıqlamalarına Rusiya tərəfinin adekvat cavabları olacaq. Yəni söhbət tam dəqiq desək, müəyyən təxribatların yenidən baş verməsindən gedir”.

Ermənistanın baş naziri Nikol Paşinyan bunları da əlavə edib: “Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgədən getdiyini müşahidə etmişik. Hansı səbəblərdən, biz bilmirik. Şərh verə bilərik, amma mən iddia edə bilmərəm. Aydındır ki, Laçın dəhlizi bizi çox narahat edir və maraqlandırır. Bu, yeni deyil. Amma elə proseslər var ki, eyni ssenarinin təkrarlana biləcəyi haqda rəy yaradır. Bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”.

Nikol Paşinyanın Rusiyanın bölgədə olmayacağına dair səsləndirdiyi fikirlər isə rəsmi İrəvanın növbəti ikili siyasət oyunu hesab edilir. Təhlilçilərin qənaətincə, Paşinyanın bu ifadəsinin sülhməramlı kontingentlə birbaşa əlaqəsi var.

 

Siyasi şərhçi İsmail Cingöz hesab edir ki, önümüzdəki zamanda ikinci dəfə müddətin 5 il daha uzadılmaması üçün Azərbaycan qətiyyətini ortaya qoyacaq: “Paşinyan məhz bu səbəbə görə bir gün Rusiyanın bur torpaqlarda olmayacağını dilə gətirir. Bu, onun qorxularından xəbər verir. Beləliklə, Paşinyan Azərbaycanla baş-başa qalmağın qorxusunu yaşayır”.

“Qərbdə qərbyönümlü, Rusiyada isə Rusiyayönümlü təəssüratı bağışlamadıqlarını” dilə gətirən baş nazirin rəsmi Kremllə münasibətlərindən narazı olduğu sezilir. Siyasi proqnozlara görə, onun bu narazılığını qərb mediasına bildirməsi ikitərəfli münasibətlərə ciddi zərər vuracaq.

 

Zeynəb