Rusiya-Ukrayna müharibəsində canlı qüvvə çatışmazlığı
Bölmə: Siyasət › ,Tarix: 13:17 05.09.2023
Rusiya-Ukrayna müharibəsində hazırda canlı qüvvə çatışmazlığı müşahidə olunur. Hətta məsələ o həddə çatıb ki, Ukrayna tərəfi artıq hərbi xidmətə yararsız olan insanları belə müharibəyə cəlb etməyi planlaşdırır. Münaqişənin digər tərəfi olan Rusiyada da vəziyyət heç də Ukraynadan fərqlənmir. Rəsmi Moskva isə artıq münaqişədə iştirak üçün əcnəbi əsgərlər satın almağa başlayıb.
Rusiya-Ukrayna müharibəsində hazırda gündəmə çevrilən məsələlərdən biri əsgər çatışmazlığıdır. İki ölkənin də əziyyət çəkdiyi bu problem tərəfləri müəyyən tədbirlər görməyə vadar edir. Ukraynanın Müdafiə nazirliyi artıq hərbi vəziyyət dövründə ölkənin Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmalı olan kişilərin kateqoriyalarını açıqlayıb. Asemptomatik, kliniki müalicə alan vərəm xəstələri, həmçinin psixi pozğunluqların qısamüddətli təzahürləri kimi diaqnozlar qoyulan kişilər hərbi xidmətə çağrılacaq. Mütəxəssislərin sözlərinə görə Rəsmi Kiyevin əvvəl hərbi xidmətə yararsız hesab etdiyi şəxsləri səfərbərliyə cəlb etməsi müharibənin başladığı dövrdən 18 ay müdafiədə qalan Ukraynanın hücum əməliyyatlarını genişləndirməsindən qaynaqlanır.
Hərbi ekspert Şair Ramaldanov hesab edir ki, bu addımlar döyüşdə olan boşluqları doldurmaq üçün atılır: “Əvvəllər yararsız sayılan və orduya çağrılmayan şəxsləri orduya cəlb etmək, hətta vərəm və psixi problemləri olanları çağırmaq bu döyüşlərdə oolan boşluqları doldurmaq üçün edilir. Bu da əlbəttə heç bir nəticə verməyəcək. Əgər sağlam, döyüşə yararlı şəxsi heyətlə uğur qazana bilmirsə, bunlar sadəcə bir qurban olaraq ortaya atılan insanlardır”.
Münaqişənin digər tərəfi olan Rusiyada da vəziyyət ürəkaçan deyil. Belə ki Rusiya tərəfi prezident seçkiləri öncəsi müharibə üçün səfərbərlik elan etmək istəmədiyindən problemin başqa alternativlərlə həll etməyə cəhd göstərir. Bu planlardan başlıcası Ukrayna ilə müharibəyə əcnəbilərin cəlb olunmasıdır. Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xarakterli məlumatlarına əsasən Ermənistanda və Qazaxıstanda Rusiya ordusunda xidmət üçün onlayn reklamlar başlayıb. Pullu əsgər axtaran Rusiya tərəfi bunun üçün 495 min rubl, dollar ekivalentində 5124 dolllar ödəniş və 190 min rubldan - 1967 dollardan başlayan maaş təklif edir.
Siyasi şərhçi İlqar Vəlizadə deyir ki, Rusiya tərəfindən ali dəyişikliklər edilir: “Misal üçün Suravikinin hərbdən kənarlaşdırılması ondan xəbər verir ki, ciddi zidiyyətlər var, ancaq bu zidiyyətlər daha çox Priqojin və onunla olan hadisələrlə bağlıdır. Yəni bunu cari vəziyyətlə bağlamaq düzgün olmazdı. Hadisələr onu göstərir ki, müharibə davam edir. Hər iki tərəf öz güclərini səfərbər edirlər. Ancaq istədikləri nailiyyətləri əldə edə bilmirlər”.
Mütəxəssislərin sözlərinə görə bundan sonrakı mərhələdə Rusiyanın Ukrayna ərazilərində irəli getmək planı yoxdur. Əsas məqsədi zəbt ediyi əraziləri öz nəzarətində saxlamaq, həmçinin Ukraynanı şərtlərinə razı salmaqdır.
Fidan