İrəvan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil
Bölmə: Siyasət › ,Tarix: 13:26 05.09.2023
Artıq bir neçə gündür ki, ordumuzun mövqeyləri intensiv atəşə tutulur. Rəsmi İrəvan sülh prosesinin intesivləşməsini istədiyini desə də, əməldə tam əksini nümayiş etdirir. Əsas diqqət çəkən məqam isə təxribatların Xankəndidə gedən proseslər fonunda daha da artmasıdır. Maraqlıdır, rəsmi İrəvan bu kimi addımlarla nəyə nail olmağa çalışır?
Bölgədəki vəziyyəti gərginləşdirməyi hədəfləyən rəsmi İrəvan son günlər təxribatları intensivləşdirib. Artıq bir neçə gündür ki, Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması hallarının sayı artıb. İrəvanın sərhəddəki aktivliyinin səbəbi isə Xankəndidə gedən proseslərlə birbaşa əlaqələndirilir. Danışıqlar prosesini pozmağa çalışan İrəvan Separatçıları dəstəkləmək istiqamətində addımlar atır.
Siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Azərbaycanın da səbrinin bir sonu var: “Ermənistan bu kimi hərrəkətlərlə nəinki separatçılara nəfəs verəcək, hətta onların sonunu tezləşdirəcək. Azərbaycan bu davranışlara adekvat cavab verir və bu da separatçıların sonu olacaq. Azərbaycan da bu kimi addımlar atır. Misal olaraq Arayikin istefasına baxa bilərik”.
Ermənistanın təxribatçı addımları atəşkəsin pozulması ilə də kifayətlənmir. İranla anti-Azərbaycan əməkdaşlığını davam etdirən İrəvan silah daşınmasını sürətləndirib. Günlərdir İran yolları ilə Ermənistana hərbi yük daşıyan kolon artıq Nurduz sərhəd-buraxılış məntəqəsinə yaxınlaşır. Sosial mediada yayılan görüntülərdən iri tonnajlı maşınlardakı hərbi yüklər arasında zirehli maşınların üstünlük təşkil etdiyi aydın görünür. Hətta son vaxtlar rəsmi İrəvanın müharibəyə hazırlaşdığı barədə xəbərlər paylaşan bəzi erməni KİV-lərində yüklərin Xankəndiyə daşındığı qeyd edilib. Ekspertlə rəsmi İrəvanın son addımlarını regiondakı geosiyasi vəziyyəti dəyişmə ümidləri kimi qiymətləndirirlər.
Siyasi şərhçi Oqtay Qasımov hesab edir ki, son vaxtlar İran ərazisindən daşınan yüklər Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını göstərur: “Və süni şəkildə prosesləri uzadır. O vaxt qazanmaq istəyir ki, bəlkə hansısa geosiyasi şərtlər dəyişər. Amma bu, belə olmayacaq”.
Bölgəyə ağır artilleriyaların cəlbi və hücumlarda PUA-lardan istifadə onu göstərir ki, hər zaman olduğu kimi bu dəfə də rəsmi İrəvan meydanda tək deyil. Siyasi analitiklər başda Fransa olmaqla erməni havadarlarının son təxribatlarda əsasən iki istiqamətdə hədəflərinin olduğunu bildirirlər. Birinci və əsas plan BMT-də olan siyasi fiasko fonunda Paşinyan iqtidarına yönəlmiş narazı kütlənin fikrini yayındırmaqdır. Digər məkrli plan Azərbaycan ordusunu təxribata çəkməklə Avropa İttifaqı ölkələrinin Nazirlər Şurasında və BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə çıxışlar üçün zəmin yaratmaqdır.
İsmail