Sülhməramlıların komandanı yenə dəyişdi

Bölmə: Siyasət › ,
Tarix: 14:23 05.09.2023

    Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların yeni komandanı general-mayor Kirill Kulakov elan edilib. Qeyd edək ki, Kulakovdan əvvəl bu vəzifəyə Aleksandr Lentsov təyin edilib, ondan əvvəl isə Andrey Volkov idi. Rrusiyalı sülhməramlıların komandanının belə tez-tez dəyişilməsinə səbəb nədir?


     Bu cür dəyişimin Rusiya ordusundakı nizamsızlıqdan xəbər verdiyini bildirən politoloq Natiq Miri digər səbəbləri də açıqladı: "Bu komandanların hər birinin ayrı-ayrılıqda uğursuzluq hekayələri var. A.Lentsovun yerinə başqasının gəlməsinin səbəbi onun dönəmində çox ciddi siyasi hadisələrin baş verməsi ilə əlaqədardır. Sərhəd keçid məntəqəsi A.Lentsovun komandanlığı dönəmində baş verdi, bununla bağlı Rusiya hələ də ciddi ittiham obyektinə çevrilib. Həm Qarabağdakı quldur separatçı rejim, həm də Ermənistandakı Nikol Paşinyan hökuməti Rusiyanı bununla bağlı ciddi ittiham edir. Bu cür uğursuzluqlar fonunda Rusiya tez-tez komandanlığı dəyişmək məcburiyyətindədir. Eyni zamanda bu, Rusiya ordusunda nizam-intizamın olmaması amilini də ortaya çıxarır".

 

    Politoloq Qarabağda müvəqqəti olanların bu vəziyyətdən istifadə edərək varlanmaq istədiyini də bildirdi. O, ikinci səbəbi komandanlıq rəhbərliyinə qoyduğu vəzifələrin yerinə yetirilməməsində görür. "Doğrudur, bu təkcə onlardan asılı deyil, buna imkan verməyən Azərbaycan dövləti, ordusu var".

 Politoloq bir məqama da diqqət çəkilməli olduğunu vurğulayır: "Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycan burada hədsiz davranışların baş verməyinə icazə verməyəcək. Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannamədən üzü bəri Rusiya hərbi kontingenti hər zaman həddini aşan davranışlarla özünü sübut edib".

 

Çinarə Muradova