Ermənilərin İsrail cəmiyyətində anti-Azərbaycan təbliğatı - Ravvinlərin cavabı GECİKMƏDİ
Bölmə: Siyasət › ,Tarix: 21:52 05.09.2023
Beynəlxalq təşkilatları Xankəndidə dırnaqarası böhran olduğuna inandırmağa çalışan ermənilər indi də İsrail cəmiyyətində Anti-azərbaycan təbliğatı aparmağa başlayıblar. Onlar Birləşmiş ştatlardakı erməni təşkilatlardan alınan vəsaitlər hesabına İsrail və yəhudi-amerikan KİV-lərində Azərbaycan əleyhinə kampaniya aparırlar. Bu isə, İsrail rəhbərliyini Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtinaya məcburetmə cəhdləri kimi qiymətləndirilir.
Milli Məclisin üzvü Hikmət Babaoğlu deyir ki, prosesin təşkilatçılarının İsrail rəhbərliyinə təsiri üçün heç bir faktiki gücləri yoxdur. “Birincisi, onların Tel- Əvivdə yaratmağa çalışdığı fikrin əsl mahiyyətini yəhudilər çox yaxşı anlayır. İkinci məqamsa, Azərbaycanla İsrail münasibətlərinin sağlam təməllər üzərinə qurulmasıdır. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olub. Bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma dayanır”.
Dünyanın müxtəlif yerlərindən olan ravvinlərin də ermənilərə cavabı gecikməyib. Onlar İsrail, Birləşmiş Ştatlar və Fransa KİV-lərində Ermənistan rəhbərliyini Holokostun təbliğat aləti kimi istifadəsini pisləyən məqalələr dərc ediblər. bütün İsrailin on minlərlə sinaqoqunda bu cür bəyanatlarla qətiyyən razılaşmayan ravvinlərin çıxışları elan olunub. Din xadimləri, Bakı ravvini Zamir İsayevin Azərbaycanı “Qarabağda erməni soyqırımı”nda ittiham etməsinin sırf uydurma olduğunu göstərən sənədli sübutları əks etdirən videomüraciətini dəstəkləyən mesajlar veriblər. Avropa Ravvinləri Konfransının Azərbaycanlı təmsilçisi Zamir İsayevin sözlərinə görə, ermənilərin anti-Azərbaycan kampaniyasına qarşı addımlar bundan sonra da davam edəcək.
Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı “növbəti Holokost”a hazırlıq məqsədilə Qarabağın erməni sakinləri üçün guya “ getto” yaratmaqda ittiham etməsi də bütün dünya ravvinləri arasında qınaqla qarşılanıb.
FİDAN