Azərbaycan öz ərazisində 3-cü tərəfləri qarşı-qarşıya gətirəcək cəbhə açmayacaq

Bölmə: Siyasət › ,
Tarix: 22:00 05.09.2023

   Son 2 gündür NATO-nun Avropa İnkişaf Komitəsinin sədri kimi təqdim olunan, amma əslində, avstriyalı QHT sədri Günter Fehlinger Cənubi Qafqaz ölkələrinin NATO-ya üzvlüyü məsələsini gündəmə gətirib. O, əvvəlcə, Ermənistanı Alyansın sıralarına qoşulmağa çağırıb. Bildirib ki, Co Bayden bu üzvlüyü müdafiə edəcək. Fehlinger bu çağırışa Azərbaycan və Gürcüstanı da əlavə edib, Cənubi Qafqazın 3 ölkəsini də 2024-cü ildə NATO-da görmək istədiyini qeyd edib.

     Özünün təqdimatında belə yalnışlığa yol verən bir siyasətçinin bu niyyəti ilk baxışdan hər nə qədər xoş səslənsə də, reallaşması indiki şəraitdə mümkün deyil. Hətta bunu tez-tez xülyalara qapılması ilə seçilən Ermənistan da başa düşüb. Ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, NATO-da heç kim Ermənistanı alyansa qoşulmağa çağırmayıb. Bu məqamda anlamaq lazımdır ki, Fehlingerin müraciəti alyansın rəsmi mövqeyi deyil, bu sadəcə siyasətçinin şəxsi istəyidir.

   Siyasi şərhçi Turan Rzayev deyir ki, belə fikirlərin səslənməsi növbəti mərhələdə həqiqətən də Cənubi Qafqaz ölkələrinin NATO-ya üzv olub-ola bilməyəcəyi məsələsini aktuallaşdırır. Hər üç ölkənin münaqişə içərisində olması hərbi təşkilata üzvlüklərini çətinləşdirir. Digər tərəfdən, Ermənistan KTMT-nin üzvüdür və bu halda onun NATO-ya daxil olmasından danışmaq yersizdir. Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu təşkilata üzv olan ölkələr birmənalı şəkildə hərbi ittifaqlardan, alyanslardan uzaq olmalıdırlar. “NATO nizamnaməsinə görə, NATO ya üzv olacaq ölkələrin münaqişələrdən uzaq olması və sabit ölkələri olması lazımdır. Yəni həm də müharibə vəziyyətində olmamalıdır. Amma Ermənistan Azərbaycan faktiki olaraq müharibə vəziyyətindədir və yekun sülh müqaviləsi imzalanmayıb. Digər tərəfdən isə Gürcüstan özü Rusiyanın birbaşa iştirakından olan iki münaqişənin içərisindədir və hazırda bu münaqişəyə görə balans siyasəti yeritməyə məcburdur. Nəticə etibarilə, Fiqerin bu açıqlaması bir o qədər də ciddi məsələ deyil və reallıq payı yoxdur”.

   Mövzunun gündəmə gətirilməsinin səbəbi Fehlingerin şəxsi maraqları ilə yanaşı, qərbin Qafqazdakı yeni oyunu da ola bilər. Siyasi şərhçilər bildirirlər ki, Ukraynanın ardınca digər postsovet ölkələrinin də NATO-ya dəvət edilməsi Rusiyanı qızışdırmaq və qorxuya salmaq məqsədi daşıyır.

   Amma Azərbaycan öz ərazisində 3-cü tərəfləri qarşı-qarşıya gətirəcək cəbhə açılmasına imkan verməyəcək. Rəsmi Bakı NATO-nun sülhməramlı tərəfdaşlıq proqramının parçasıdır və Alyans ilə yaxın münasibəti var. Ölkəmiz bundan sonra neytrallıq prinsipini qoruyaraq Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əlaqələri inkişaf etdirəcək.

JALƏ