Makron Ermənistana niyə gedir?
Bölmə: Siyasət › ,Tarix: 22:21 05.09.2023
Ermənistan KİV-də yayılan yeni xəbərlərə görə, Fransa Prezidenti Emmanuel Makron İrəvana səfər planlayır. Hətta ziyarətlə bağlı dəqiq tarix də göstərilir. Maraqlıdır rəsmi İrəvanın artan təxribatları və Xankəndidə gedən proseslər fonunda gözlənilən səfərin məqsədi nədir?
Fransa prezidenti Emanuel Makron Ermənistana gedir. İyulun 14-də Nikol Paşinyandan xüsusi dəvət alan Yelisey rəhbərinin İrəvan səfərinin tarixi isə daha çox diqqət çəkib. Erməni mediasının əsas manşetlərində yer alan xəbərlərə görə, Makronun İrəvana sentyabrın 10-da gedəcək. G20 Liderlər Zirvəsinin də eyni tarixə təsadüf etdiyini nəzərə alsaq, ziyarətin reallaşacağı qeyri-real görsənir. Belə ki, G20-yə üzv ölkələr sırasında yer alan Fransanın da Delhinin ev sahibliyi edəcəyi sammitdə iştirakı təsdiqləməsi Makronun sentyabrın 9 və 10-da Hinndistanda olması mənasına gəlir. Yelisey rəhbərinin Ermənistana sentyabr səfərinin baş tutmasına dair gözləntilərin az olduğunu deyən ekspertlər mümkün ziyarətin oktyabrda reallaşacağı fikrindədirlər. Siyasi şərhçi Əlimusa İbrahimovun sözlərinə görə, Fransa prezidenti oktyabrın 11 və 12-də keçirilməsi nəzərdə tutulan Frankafonların Beynəlxalq iclasında İrəvanı ziyarət edəcək. “Iki tarix deyilir. 10 sentyabr və 11-12 oktyabr. Gəlin görək, hansı tarixdə ziyarət daha realdır. Mən düşünürəm ki, sentyabrda ziyarətin olacağına dair xəbərlər olsa da, baş tutacağına dair gözləntilər azdır. Ona görə ki, G20 sammiti də o tarixlərdədir və Makron orada iştirak edəcək. Lakin oktyabrda olacaq görüşə dair ehtimallar olduqca inandırıcıdır. Oktyabrda ziyarət ola bilər”.
Hər iki halda Xankəndidə gedən proseslər və sərhəddə olan gərginlik fonunda Makronun Ermənistana gedişi heç də birmənalı deyil. İrəvanın anti-Azərbaycan siyasətinə sponsurluq edən Emmanuel Makronun tırlardan sonra şəxsən özününün Ermənistanın yolunu tutması yeni provakativ addımların xəbərçisidir. Heç şübhəsiz gözlənilən ziyarət region və geosiyasi vəziyyətlə bağlı bir sıra məqsədlər güdür. İlkin ehtimallara görə, əsas plan Qarabağda yerləşən terrorçu qruplaşmaları - qondarma rejim təmsilçilərini gücləndirmək, onların silahlandırılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən Makron bu səfərlə bölgədə Azərbaycan-Türkiyə modelinə alternativ bir Fransa-Ermənistan modelini nümayiş etdirmək niyyətindədir.
Onu da qeyd etmək lazımdır ki, Makronun ziyarəti həm də ölkə daxilində geriləyən siyasi reytinqi ilə də birbaşa bağlıdır. Belə ki, Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq. Bu isə siyasətçinin fransızların nıfrətini qazandığı bir vaxtda onun ölkə daxili siyasi gələcəyində erməni lobbisinə möhtac olduğunun əsas göstəricisidir.
İSMAYIL