Qarabağda gərginlik artır: Xankəndinin azadlığı üçün əfsanəvi taktika

Bölmə: Siyasət › ,
Tarix: 16:14 06.09.2023

Erməni separatçılarının keçmiş başçısı Araik Arutyunyanın “istefası”ndan sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndi və ətraf ərazilərdə qarşıdurma yeni mərhələyə keçib. Belə ki, sentyabrın 9-na nəzərdə tutulan qondarma “seçki”lərə hazırlaşan separatçılar arasında ciddi fikir ayrılığı var. Xüsusilə Samvel Babayanın hazırkı prosesdə yanaşması diqqət çəkir.

 

Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib. O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaq. Diqqətçəkən əsas məqam isə Babayanın mitinqinin Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşı olmasıdır.

 

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, – o deyib.

 

Babayan faktiki olaraq “İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir” deyərək özünün seçilməsini istəyir. O, hətta bu istiqamətdə Bakının da dəstəyini almağa ümid edir.

 

Samvel Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşıdır. O, son çıxışında Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.

 

Babayanın separatçıların qondarma “seçki”lərindən bir gün əvvələ mitinq təyin etməsi Xankəndidə proseslərin gərginləşəcəyi, hətta silahlı insidentə keçəcəyini göstərir. Əgər bu baş verərsə, rəsmi Bakı öz ərazisində iğtişaşların yatırmaq üçün Xankəndiyə qoşun yeridə bilər.

 

O ki qaldı Babayanın erməni icmasının lideri kimi Bakı ilə danışıqlara başlamaq istəməsinə, proseslər Azərbaycanın istədiyi ssenari ilə getsə və Samvel Xankəndidə “troya atı” missiyanı yerinə yetirsə, onu müvəqqəti icma rəhbəri saymaq olar. Lakin Babayana etibar etmək olmaz. Bir dəfə separatçılığa başlayan bunu gələcəkdə yenidən edə bilər. Erməni icmasının rəhbəri ya Bakı ermənisi, ya da rəsmi Bakının təyin edəcəyi şəxs olmalıdır.

 

Müəllif: Politoloq Turan Rzayev