Ermənistandan rəsmi Kremlə növbəti zərbə-ABŞ ilə birgə təlim
Bölmə: Siyasət › ,Tarix: 22:07 06.09.2023
Qərbin, xüsusilə də ABŞ-ın Moskvanı dörd bir tərəfdən sıxışdırdığı bir vaxtda İrəvan Vaşinqtonu Rusiyanın ən yaxınına gətirir. Belə ki, Ermənistan və ABŞ bu ay birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Lakin Kremlin damarına basmağa davam edən İrəvanın addımları bununla da kifayətlənmir. Ermənistan Anna Akopyanla Kiyevə yardım göndərir. Maraqlıdır Ermənistan rəhbərliyinin artan fəaliyyəti fonunda xəyanəti bağışlamayan rəsmi Moskvanın cavabı nə olacaq?
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə hazırlaşır. "Qartal tərəfdaşı-2023" (EAGLE PARTNER-2023) birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
Ermənistan Müdafiə Nazirliyinin məlumatlarına görə təlimlər xüsusilə beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində, nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində baş tutacaq. Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq və taktiki rabitə sahəsində qabaqcıl təcrübələri mübadilə etməkdir. Lakin bu, sözügedən hərbi təlimlə bağlı açıqlamanın formallıq təşkil edən hissəsidir. Nazirliyin erməni mediyasında paylaşılan açıqlamasının tam versiyasına nəzər yetirdikdə aydın olur ki, “Qartal tərəfdaşı-2023” təliminin digər üzü rəsmi İrəvanın yeni maraqlarına xidmət edir. Belə ki, təlim tezisinin son cümləsi "Habelə təlimin məqsədi Ermənistan bölməsinin NATO-nun planlaşdırılmış qiymətləndirilməsinə hazırlığını artırmaqdır" olması İrəvanın alyansın sıralarına qoşulma məsələsini yenidən gündəmə gətirir.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Ermənistan tərəfi bu kimi məsələlərin gündəmdə qalmasında maraqlıdır: “Rəsmi İrəvan NATO məsələsini gündəmdə saxlayaraq Rusiya qarşısında öz çəkisini artırmağa çalışır. Bölgədə tədbir faktorlarının olduğunu göstərməyə çalışır. Bu, onun manevri, yeni oyunudur”.
Təlimlə bağlı diqqət çəkən əsas məqamlardan biri də bu cür hərbi mübadilənin aylar əvvəlcədən planlaşdırlaraq bəyan edilməsinin əksinə forsmajor olaraq təyin edilməsidir. Elə bu nünasdan da aydın olur ki, tələsik təlim planı Ermənistan qədər rəsmi Vaşinqtonun da maraqlarına xidmət edir. İrəvanın regiona Qərbi gətirməyinin növbəti mərhələsini təşkil edən təlim Rusiyanın regionda sıxışdırılması istiqamətində mühim rol oynayır. Ekspertlərin sözlərinə görə, İrəvandan maşa kimi istifadə edən Qərbin əsas məqsədi Rusiyanın sərhədləri boyunca gərginlik ocaqları yaratmaqdır.
KTMT-nin təlimlərinə razılıq verməyən Ermənistanın Ağ Evlə hərbi əməkdaşlığı Rusiyaya xüsusi mesaj kimi qiymətləndirilir. Amma Ermənistan bilməlidir ki, NATO-ya meyllənmə, Qərblə əlaqələrin aktivləşdirilməsi Cənubi Qafqazdakı gərginliyin azalmasına səbəb olmayacaq. Əksinə rəsmi İrəvanın Kremllə münasibətlərində kritik böhran yaradacaq. İrəvan-Moskva gərginliyinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Kiyevə yardımdan sonra ABŞ-la təlim Kremlin səbr kasasını daşıracaq son damla ola bilər.