İranda etiraz dalğasının ağır fəsadları-Elita ölkəni tərk edir
Bölmə: Siyasət › ,Tarix: 22:35 06.09.2023
2022-ci ilin sentyabrından İranı bürüyən etiraz dalğasının bir ili tamam olmasına günlər qaldığı vaxtda iranlılardan yeni xəbərlər gəlir. Əhali İranı tərk edərək müxtəlif ölkələrə köç edirlər. Xüsusən elit təbəqə və ziyalılar haqqsızlıq və yoxsulluğa tab gətirmək istəmir. Ancaq beyin köçü iqtisadiyyatı onsuz da acınacaqlı olan Tehran üçün mənfi ssenarilərdən xəbər verir.
İran rejiminin apardığı siyasət vətəndaşlarını kütləvi köçə məcbur qoyub. Ölkənin gələcəyinə ümidsizlik bütün cəmiyyəti, xüsusən də elitanı bürüyüb. Vətəndaş cəmiyyəti təşkilatları mövcud vəziyyət davam edərsə, qısa zamanda “dərin sosial zərər” və mənəvi dəyərlərin çökəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Hökumət statistikanı gizlətmək üçün səy göstərsə də, elit mühacirət dalğasını ört-basdır edə bilmir. Rəsmi göstəricilərə görə, müxtəlif ölkələrdə təxminən 4 milyon iranlı yaşadığı halda, qeyri-rəsmi statistikaya görə, 7 milyon vətəndaş ölkədən mühacirət edib. Analitiklər isə bütün bu proseslərin İran rejimini daha mülayim siyasət yürütməyə vadar edə bilməyəcəyini düşünürlər.
2022-ci ilin sentyabrında Mahsa Əminin polis nəzarətində ölməsindən sonra “qadın, həyat, azadlıq” etirazları ölkənin beynəlxalq imicinə ziyan vurub. İnflyasiya 50%-i keçib ki, bu da son onilliklərin ən yüksək göstəricisidir. Ərzaq qiymətləri isə 70%-dən çox artıb. Ölkənin gələcəyi üçün vacib şəxslərin İranı tərk etməsi isə mühim vəzifələrdə boşluq yaradacaq. Bu boşluğun ölkə iqtisadiyyatına təsiri qaçılmaz görünür.
İran Miqrasiya Rəsədxanasının 2022-ci ildə xaricdəki iranlılar arasında keçirdiyi sorğuya əsasən, iranlıların 14 faizi müəyyən şərtlər altında ölkəyə qayıtmaq istəsə də, 62 faizin belə bir fikri yoxdur. Həmçinin 2001-ci ildən 2012-ci ilədək ali məktəblərə qəbul imtahanlarında və olimpiadalarda yüksək nəticə əldə etmiş şəxslərin 37 faizi ölkəni tərk edib. Faktlar və deyilənlər onu sübut edir ki, rejimin addımları nəticəsində siyasi və iqtisadi çöküş yaşayan ölkə bu dəfə də sosial böhranla üz -üzə qalacaq.
Fidan