Ermənistanın təxribatları müharibə ilə nəticələnə bilər-BELƏ İDDİALAR ƏSASSIZDIR

Bölmə: Siyasət › ,
Tarix: 22:52 06.09.2023

Nikol Paşinyan hökuməti sülh prosesində maraqlı olduğunu desə də, əməldə tam əksini nümayiş etdirir. İrəvanın hansı qüvvələrə güvənərək regionda pozucu addımlar atdığı məlumdur. Amma hər kəsə qaranlıq qalan bir məqam var, bu təxribatlar 3 il öncəki kimi genişmiqyaslı müharibə ilə nəticələnə bilərmi?


Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Eyni zamanda, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Xocavənd rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bunlar 1 gün ərzində Azərbaycan Müdafiə Nazirliyinin erməni təxribatları ilə bağlı yaydığı xəbərlərdir. Sözsüz ki, Paşinyan hökuməti Fransa, İran, Hindistan kimi qüvvələrin yardımına arxalanır. Belə ki, İrəvan Yelisey Sarayının xeyir-duası ilə Hindistanla 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Tehranın da Cənubi Qafqazdakı müttəfiqinə dronlar hədiyyə etdiyi təsdiqlənib.  



Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan tərəfi şərti sərhəd istiqamətində yeni hərbi birliklər cəmləşdirir və bu hərbi təxribatın arxasında da məhz yeni şərtlər əldə etmək və Azərbaycanla danışıqlarda mövqeyini gücləndirməyə çalışır: “Əlbəttə ki, bu, Ermənistanın xam xəyallarıdır, yenidən onlar öz avantürist siyasətlərini ortaya qoyublar və düşünürəm ki, bu proseslər Ermənistan öz əleyhinə çevriləcək. Postmüharibə dövrü artıq Ermənistan üçün göründüyü kimi, sülh istiqaməti, sülh danışıqları Ermənistan üçün yeni bir təxribatların başqa bir mərhələsi oldu”.

Ermənistanın təxribatlar törətməkdə bir digər məqsədi isə daxilindəki mövcud gərginliyi pərdələmək, eyni zamanda beynəlxalq ictimaiyyətdə Azərbaycanı təcavüzkar kimi göstərməkdir. Məhz buna görə də indi Ermənistan təxribatlara əl ataraq, Azərbaycanla müharibə ehtimalını gündəmə gətirir ki, ölkə rəhbərliyinin uğursuz daxili və xarici siyasəti arxa planda qalsın. 

Amma digər tərəfdən, Azərbaycana qarşı təxribatların Paşinyan hökuməti, yoxsa ordu daxilində dərin kök salmış keçmiş revanşist Qarabağ klanı və həmin birləşmələri himayə edən xarici qüvvələr tərəfindən həyata keçirildiyini də əminliklə demək olmaz. 

Hazırda Ermənistan mətbuatının isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən yazması da bu planın tərkib hissəsi ola bilər. Amma bu iddiaların əsası yoxdur və Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi təxribata adekvat cavabın verilməsidir. Bununla belə, Ermənistan rəhbərliyi bilməlidir ki, təxribatlar davam edərsə, Azərbaycan ordusu bir neçə istiqamətdə qanunsuz birləşmələrin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlara start verə bilər. Bu halda isə Ermənistanı yenidən ağır məğlubiyyət gözləyir. 

 

Jalə