ERMƏNİSTANIN TƏXRİBAT TÖRƏTMƏKDƏ MƏQSƏDİ NƏDİR?- HƏRBİ EKSPERT AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 11:56 07.09.2023

Sentyabr ayı girəndən Ermənistan ard-arda təxribat törədir. Təxribatın səbəbini onların yeni qələbə qazanmaq istəyində, daha doğrusu yenidən müharibəyə məqsədli olduqlarında görürük. Ermənistanın bu terror cəhdlərinin onların məkirli niyyətlərindən xəbər verdiyini deyən hərbi ekspert Cəlil Xəlilov vəziyyəti açıqlayıb.

 

"Təbii ki, ermənilərin separatçı addımları, təmas xəttində törətdikləri ardıcıl təxribatlar, terror cəhdləri onların məkirli niyyətlərindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan post-müharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa-olsun bu status kvonu dəyişməyə can atır. Buna görə də Ermənistan hakimiyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa can atır. Bu məsələdə Ermənistandakı revanşist qüvvələr, xüsusilə də Köçəryan-Sərkisyan cütlüyü daha çox diqqət çəkir. Vaxtiylə Ermənistan rəhbərliyində tənsil olunan bu şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inadırmağa çalışır ki, guya Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki, Ermənistan üçün əsl fəlakət Köçəryan-Sərkisyan cütlüyünün Azərbaycanla qarşıdurma istəyidir".

 

Ekspert Azərbaycanın haqq üçün mübarizə apardığını, hətta ermənipərəst dövlətlərin bunu bildiyini, amma etiraf etmədiyini açıqladı. "Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməslər də, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycanın mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdadır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı aparıdğı mübarizənin başında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gəlir. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Bu həqiqət bu gün üçün də keçərlidir. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək".

 

Çinarə Muradova