"Dünya Qafqazda sülh üçün" beynəlxalq kampaniya başladı

Bölmə: Siyasət › ,
Tarix: 21:41 07.09.2023

   20-dən çox ölkənin QHT və vətəndaş cəmiyyəti təmsilçiləri "Dünya Qafqazda sülh üçün" adlı beynəlxalq kampaniya başladıb. Onlar Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların sülh prosesinə zərbə vurmasından narahatlıq ifadə edirlər. Xarici fəallar “Dünya Qafqazda sülh üçün” təşəbbüsü çərçivəsində Qarabağda yaşayan erməniləri Ermənistanın və separatçıların təxribatlarına alət olmamağa dəvət ediblər.

  Ermənistanın regionla bağlı saxta təbliğatı artıq dünyanın dörd bir yanından ifşa olunmağa başlayır. Belə ki, Azərbaycanın bölgədə sülh səylərini dəstəkləyən bir qrup xarici QHT və vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” adlı beynəlxalq kampaniya başladıb. 27 ölkənin nümayəndəsinin təsis etdiyi kampaniya yeni elan olunsa da, ciddi rezonans doğurub və dəstək qazanıb. Hətta qısa müddət ərzində müxtəlif ölkələrdən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib. Kampaniyanın hazırda sərhəddə baş verən hadisələri və Xankəndidə gedən prosesləri əhatə edən müraciəti "Jotform" beynəlxalq platformasında yerləşdirilib. Məlumatda xüsusilə Laçın yolunun guya bağlı olması barədə İrəvanın yaydığı dezinformasiyalar qınanır, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilərək dərin narahatlıq ifadə edilir.

   Zimbabvenin "Gənc Səfirlər" təşkilatının sədri Abiel Mavere heç bir münaqişədə qan tökülməsini istəmədiklərini bəyan edib. “Biz həll edilməmiş münaqişə görmək istəmirik. Biz istənilən münaqişənin sülh yolu ilə, diplomatik həllinə çağırırıq. Kim bütün dünyada sülhdən yanadır, digər təşkilatları da “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə qoşulmağa cəsarətləndirməlidir”. Malinin “Sülh və davamlı tərəqqi üçün gənclərin şəbəkə platforması” təşkilatının İdarə Heyətinin sədri Ali Sidibe isə rifah naminə sülhü inşa etməyə çağırıb. “Bu gün bizim həm kollektiv, həm də fərdi şəkildə dayanıqlı sülh üçün səsimizi yüksəltməyimizə hər zamankından daha çox ehtiyac var. Ona görə də bu gün mən buradayam və “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə tam və qeyd-şərtsiz dəstəyimi ifadə edirəm”.

  Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə və çağırışlar da əksini tapıb. Onlara Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, siyasi manipulyasiyalarına uymamaq tövsiyə olunur. Habelə Ağdam-Xankəndi yolunun sülh üçün açılması da əsas prioritet olaraq göstərilir.

   Milli Məclisin üzvü Elşad Mirbəşiroğlunun sözlərinə görə, müraciətə qoşulanlar hesab edirlər ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər Azərbaycanın və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar. Bundan əlavə iştirakçılar beynəlxalq ictimaiyyəti Azərbaycanın daxili işlərinə qarışmamağa və Qızıl Aypara Cəmiyyətinin humanitar yardımını siyasiləşdirməməyə çağırır. Müxtəlif dövlətlərdən olan nümayəndələr Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması əsasında ölkələri danışıqlarına qoşulmağa dəvət edirlər. Ermənistanın Laçın yolu ətrafında saxta təbliğatını ifşa edən və reinteqrasiyanı alqışlayan bu müraciətə qoşulmaq istəyən xarici QHT təmsilçiləri onlayn formada, keçid vasitəsilə bəyanatı imzalayaraq dəstək ifadə edirlər.

İSMAYIL