Rusiya-Ermənistan arasında gərginlik pik həddə

Bölmə: Siyasət › ,
Tarix: 21:48 07.09.2023

   Rusiya və Ermənistan arasında münasibətlər tarixinin ən gərgin dövrünü yaşayır. Artıq dövlət rəsmiləri bir-birilərini açıq şəkildə tənqid, hətta təhqir etməkdən də çəkinmirlər. Son olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovaya "hansısa katibə" deyərək müraciət edib. Zaxarova isə cavabında dünyanın bütün katibələrinə dəstək ifadə edib və Simonyanı nəzərdə tutaraq bildirib ki, bu söz düşünmədən o adamın ağzından çıxıb. Geniş rezonansa səbəb olan bu açıqlamaların Ermənistan-ABŞ birgə hərbi təlimlərindən əvvəl verilməsi isə diqqət çəkir.

   "Ermənistanla Rusiya arasında gərginlik artıb, elə bir vəziyyət yaranıb ki, çoxlu suallar var və cavab yoxdur". Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərini tənqid etməsinə də cavab verib. Parlament sədri Zaxarovanı katibə adlandırıb və onun sözlərini şərh etmək niyyətində olmadığını vurğulayıb. Siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə, İrəvan rəsmisinin sərt çıxışı onu deməyə əsas verir ki, uzun müdətdir iki ölkə arasında mövcud olan gərginlik özünün kuliminasiya nöqtəsinə çatıb və rəsmilər səviyyəsində dilə gətirilməyə başlanılır. Yəni indi Ermənistan vəzifəli şəxslərin timsalında Rusiyanı özündən aşağı gördüyü mesajını verməyə çalışır. “Ermənistan parlamentinin sədri Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovaya təhqiramiz formada cavabı və Rusiya Ermənistan arasında gərginliyin olması ilə bağlı açıqlaması əslində bəlli bir prosesin Ermənistan tərəfindən rəsmi səviyyədə etiraf olunması kimi xarakterizə olunmalıdır. Əslində bu məsələ gözlənilən idi. Çünki əvvəllər Rusiya və Qərb arasında Ermənistan hökuməti manevr edə bilirsə, yəni bu imkanlar var idisə, artıq bu imkanları məhduddur və demək olar ki, mümkün deyil. Çünki Qərbin Ermənistan hökuməti ilə bağlı konkret tələbləri var”.

  Ermənistanın KTMT-nin "Döyüş qardaşlığı" təlimlərində iştirakdan imtina edərək, ABŞ ilə "Qartal tərəfdaşı-2023" manevrlərinə qatılacağını elan etməsi də Paşinyan hökumətinin Rusiyaya xüsusi mesaj kimi qiymətləndirilir. Eyni zamanda, İrəvan KTMT-dəki daimi nümayəndəsini Niderlanda səfir təyin etməklə nümayişkaranə şəkildə qərbi seçdiyini göstərir. Sözsüz ki, qoca qitə təmsilçiləri Ermənistandan maşa kimi istifadə etməklə Rusiyanın sərhədləri boyunca gərginlik ocaqları yaratmağı hədəfləyir. Amma rəsmi Moskva da bütün prosesləri izləyir. Ermənistanda Qarabağ klanının baş qaldırması, Paşinyan əleyhdarlarının yenidən fəallaşması artıq Kremlin müəyyən addımlar atmağa hazırlaşdığından xəbər verir. Siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Nikol Paşinyan hakimiyyətinin istər Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycanla, istər regionun aparıcı dövlətləri olan Rusiya ilə gərginliyin artırılması siyasəti yaxşı nəticələrə gətirib çıxarmayacaq. “Ermənistan ordusu daxilində və siyasi dairələrdəki Rusiyaya meylli qüvvələrin, daha dəqiq Ermənistanın V kolonun aktivləşməsinə gətirib çıxara bilər. Artıq indidən Paşinyan əleyhinə kampaniyalar başlayıb. Paşinyanın hakimiyyətdən getməsi, paşinyanın istefa verməsi yolu ilə çağırışlar səslənir. Ultra milliyyətçilər radikallar, hətta lobbi və dias müəyyən sıxışdırmalar və təzyiqlər almaqdadır. Və ən önəmlisi, unutmaq lazım deyil ki, bu gün Rusiyanın Ermənistanda hərbi bazaları var və bu hərbi bazalarda Ermənistanın cəza xarakterli aktivləşə bilər və belə deyək, daxildədir mövcud gərginliyin silahlı toqquşmalara keçməsinə gətirib çıxara bilər”.

  Nəzərə almaq lazımdır ki, hazırda Rusiyada milyonlarla erməni yaşayır və onların deportasiya edilməsi Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Görünən odur ki, Kremlin İrəvana qarşı təzyiq imkanları kifayət qədər çoxdur və Paşinyan Administrasiyası siyasi kursunda dəyişikliklərə getməsə, Ermənistan ciddi zərbə ilə üzləşəcək.

JALƏ