İRANIN ERMƏNİSTAN SEVGİSİNİN PƏRDƏARXASI

Bölmə: Siyasət › ,
Tarix: 20:53 08.09.2023

   Artıq günlərdir ki, Ermənistanın şərti sərhəddə hərbi gücünü artırma istiqamətində fəallığı müşahidə olunur. Təmir və texniki hissələr durmadan işləyir. Rəsmi İrəvan hərbi bölmələrdə təmir oluna bilən hər şeyi işə salmağa çalışır. Amma Ermənistan bu kimi hazırlıqlarında yetərincə dəstək də alır. Həm Fransa, həm də İran İrəvan rəhəbrliyinə lazimi dəstək göstərmək üçün əlindən gələni edir. Ermənistanın silah tədarükündə tranzitə çevrilən rəsmi Tehranın isə xüsusi canfəşanlığı müşahidə olunur. Maraqlıdır, İrəvanın anti-Azərbaycan siyasətinə dəstək verən İranın Ermənistan sevdasının pərdə arxasında regionla bağlı hansı planları durur?

  İstər sosial mediada yayılan görüntülərdən, istərsə də erməni KİV-də yer alan məlumatdan aydın olur ki, İrəvan təxribatlara hazırlaşır. Lakin Ermənistan hər zaman olduğu kimi bu dəfə də meydanda tək deyil. Anti-Azərbaycan siyasətində Ermənistanla yanaşı, havadarları da yaxından iştirak edir. Azərbaycana qarşı yeni hərbi təxribat planında İran və Fransanın izləri də görünür. Parisin beynəlxalq təşkilatları Bakıya qarşı qaldırmağa çalışdığı bir vaxtda Tehran İrəvana silah daşınmasında, habelə şərti sərhəddə güclənməyində dəstək olur. Son həftələr zirehli texnika və artilleriya mərmilərin Ermənistana çatdırılması məlumatları Tehranın aktivləşən gərginlikdə birbaşa əlinin olduğunu təsdiqləyir. Gedişatı şərh edən analitiklər Molla rejiminin artan dəstəyini müharibədən sonra regionda yaranmış yeni fürsətlərdən istifadə cəhdləri kimi qiymətləndirirlər. Siyasi şərhçi Mətin Məmmədlinin sözlərinə görə, Tehran bu kimi addımlarla əsasən Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. “Hətta İranın Ermənistan sevgisi onu düşmənləri ilə dost da edib. Belə ki, Tehran Ermənistan-ABŞ hərbi təlimlərinə səssiz qalmağı seçib. Lakin bu heç də İranın Ermənistana kompromisi deyil, təlim elə birbaşa rejimin razılığı əsasında keçirilir. Nə qədər absurd səslənsə də, birgə hərbi təlimlər ABŞ-İran gizli əməkdaşlığının növbəti təzahürüdür”.

 Mütəxəssislər İranın səssiz qalması məsələsinin tarixi keçmiş əsasında dəyərləndirilməli olduğunu deyirlər. Onların fikrincə, təlimlər İranın Əfqanıstan və İraqın işğal dövründə ABŞ ilə əməkdaşlığını xatırlatdır. Məhz buna görə də xarici siyasətində Vaşinqton düşmənçiliyini bir ritorika olaraq istifadə edən Tehran Ermənistan hakimiyyətindən üz çevirməyəcək.

  Bütün hallarda Tehranın İrəvanı müdafiə etməsi, xüsusilə 44 günlük vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi geosiyasi sabitliyi pozan əsas amillərdəndir. Bundan əlavə Ermənistana verilən dəstək noyabr sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə də ciddi maneə törədir. Lakin İran hökuməti başa düşməlidir ki, Ermənistanın anti-Azərbaycan siyasətinə dəstək onun özü üçün sosial-iqtisadi istiqamətlərdə mənfi nəticələr verəcək.

İSMAYIL