Ermənilər hansı istiqamətlərdən hücuma keçə bilərlər?
Bölmə: Siyasət › ,Tarix: 21:46 08.09.2023
İran ərazisindən Ermənistana zirehli texnika və artilleriya mərmiləri çatdırılır. Eyni zamanda, İrəvanda ehtiyatda olan minlərlə hərbçi geri çağırılır. Üstəlik, bütün bunlar Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir. Aydın görünür ki, rəsmi İrəvan Bakıya qarşı beynəlxalq təzyiq formalaşdırmaq üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır. Bəs ermənilər hansı istiqamətlərdən hücuma keçə bilərlər?
İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə doğru irəliləyir. Bu barədə erməni blogerlər görüntülər yayıblar. Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi barədə məlumatları təsdiqləyiblər. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda olan on min hərbçi çağırılıb. Bütün bunlar sərhəddə yeni eskalasiyanın baş verə biləcəyindən xəbər verir. Eyni zamanda, Ermənistanın müdafiə naziri Suren Papikyanın yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərməsi də bu ehtimalı gücləndirir. Digər tərəfdən, Papikyanın dünən Fransanın Ermənistandakı səfiri ilə görüşündən sonra rəsmi Parisin Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlığı sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşıldığı yönündə iddiaları təsdiqləyir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi korpuslarının işinin gücləndirilməsi, yeni hərbi silahlar, artilleriya vasitələrinin daşınması, həmin İran ərazisində zirehli texnika, digər artilleriya vasitələrinə tədarük etməsi onu göstərir ki, artıq Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribatlara hazırlaşır. “Aparılan danışıqlar müstəvisində müəyyən əldə olunmuş razılaşmaları demək olar ki, verdiyi bəyanatlarla sual altına alması onu göstərir ki, Ermənistan tərəfi sülh sazişində maraqlı deyil”.
Hazırda Ermənistanın 4 istiqamətdə təxribatlara əl ata biləcəyi ehtimalı var.. Bunlardan ilki son günlərdə də tez-tez təxribatların hədəfi olan Kəlbəcər istiqamətidir. Bu da təsadüfi deyil, çünki Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır. Eyni zamanda, ermənilər Kəlbəcərin Zod istiqamətindəki mövqelərimizin nəzarətə götürdüyü mədən yataqlarının tam istifadəsinə nail olmağa çalışırlar. Digər istiqamət Laçın ola bilər. Düşmən bu yolla beynəlxalq diqqəti Laçın yoluna cəlb edib, Azərbaycanı təcavükzar kimi göstərib Bakıya qarşı təzyiqləri gücləndirmək istəyir. Hərbi ekspert Elmar Hüseynin sözlərinə görə, Ermənistan bu istiqamətdə hücuma keçəklə həm də Qaragöl ətrafındakı mövqelərini gücləndirməyi hədəfləyir. Ermənilər Zəngəzur dəhlizini arxa plana keçirmək məqsədilə Zəngilandan, eləcə də Ağdam istiqamətindən hücuma keçə bilərlər. “Əsasən təxribatlar Ağdam, Laçın, Kəlbəcər istiqamətində, bundan əlavə olaraq Naxçıvanın Sədərək istiqamətində gözlənilir. Buna əsasən, sentyabrın ilk 10 gününə nəzər salsaq, görərik ki, bu istiqamətlərdə mühəndis yolları və səngər yolları çəkilib ki, bu da həmin istiqamətlərdə təxribatların törədəcəyinə əsas verir”.
Son dövrdə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində də aktivləşdiyinin şahidi oluruq. Bu bölgənin İranla sərhəddə yerləşdiyini nəzərə alsaq, Paşinyan hökuməti Tehranı prosesə qoşub Bakı-Tehran xəttində çatları dərinləşdirməyi hədəf seçə bilər. Eyni zamanda Sədərək istiqamətində, Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı da istisna edilmir.
Ümumilikdə, Ermənistan şərti sərhəddə eskalasiya yaratmaqla beynəlxalq müstəvidə Azərbaycanı hücum edən tərəf kimi göstərmək və rəsmi Bakıya qarşı təzyiqə nail olmaq məqsədi güdür.
JALƏ