"Azərbaycan 44 günlük müharibədən daha sərt, qətiyyətli cavab verməyə hazırdır"
Bölmə: Siyasət › ,Tarix: 22:52 08.09.2023
Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddində 1,2,3 və 4 saylı hərbi korpuslarda fəallığın artdığını, İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin Yerevana çatdırılması barədə məlumatları təsdiqləyirlər. “Caliber”in məlumatına görə, Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi cərgəyə qoymağa çalışırlar.
Hərbi ekspert Şair Ramaldanov İnformator.az.a açıqlamasında bu və ya digər istiqamətdə atəşkəsin pozulmasının və təxribatların törədilməsinin mütəmadi hal aldığını bildirib. Əlavə edib ki, gərginliyin artması onun sübutudur ki, Ermənistan artıq siyasi yolla istədiyinə nail ola bilmir. “Sülh müqaviləsindən qaçmaq üçün başqa bir yol tapa bilmir. Çünki Rusiya-Brüssel-ABŞ platformalarında artıq Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edirlər. Belə olduğu halda, Ermənistan üçün Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, ortaya qoyduğu məsələlər artıq Ermənistan rəhbərliyinin manipulyasiya imkanlarını daraldır. Ermənistan və onun havadarları bütün illər boyu danışıqlardan sonra vəziyyəti gərginləşdirir. Nəticədə, həmin danışıqların təsiri də itir”. Şair Ramaldanovun sözlərinə görə, belə olduğu halda, Azərbaycan diplomatiyası Ermənistan siyasi rəhbərliyinin və onun havadarlarının iç üzünü göstərə bilib. Bundan heç bir nəticə görməyən erməni havadarları təxribata və atəşkəsi pozulmasına əl atırlar. Çünki sülh müqaviləsini bağlamamaq və danışıqlar prosesinin təsirini azaltmaq üçün yeganə çıxış yolu məhz təxribatların aparılmasında görürlər. Azərbaycan dövləti bütün proseslərə soyuqqanlı şəkildə nəzarət edir. Azərbaycan ordusu hər təxribata qarşı adekvat cavab verərək düşmən tərəfi itkilərə məruz qoyur və təxribatların qarşısını alır. Ermənistan və onun havadarlarının vəziyyəti gərginləşdirməsi nəticəsində öz məqsədlərinə nail olmaq istəyən güclər artıq özünü büruzə verir. “Məsələn, Azərbaycan və Ermənistan sərhəddində Rusiya öz qüvvələrinin yerləşdirilməsi ilə bağlı hazır olduğunu göstərir. Əlbəttə, o qüvvələri yerləşdirmək üçün sərhəddə vəziyyət gərgin olmalıdır”.
Digər tərəfdən, regionda vəziyyəti gərginləşdirmək marağında olan Qərb dövlətləri və ABŞ hal-hazırda məhz Ermənistanda Rusiyaya qarşı etiraz prosesini gücləndirir. Bu, atəşkəsin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və Rusiyanın burada təqsirləndirilməsinə səbəb olur. Əlbəttə, burada nə Ermənistanın gələcəyi haqqında, nə də Azərbaycan haqqında düşünən yoxdur. Böyük dövlətlər həmişə olduğu kimi ikili standartlardan istifadə edərək burada öz maraqların toqquşması və maraqlarını hədəfləyərək təsir dairəsinin genişləndirlməsi ilə məşğuldur. Şair Ramaldanov bildirib ki, hərbi-siyasi rəhbərliyə kim gəlsə, onları manipulyasiya edərək burada öz məqsədlərinə nail olması müşahidə edilir.
O ki qaldı, Ermənistanın silahlandırılması məsələsinə, Şair Ramaldanov bunun Azərbaycanı narahat etmədiyini deyib. “Bu gün Ermənistan İrandan, Hindistandan, Fransadan hansısa silahların alınması ilə Azərbaycana qarşı irimiqyaslı təxribatlar aparsa da, nəticəsinin Ermənistanın ziyanına olacağını həm ermənilərin özləri və havadarları, həm də Azərbaycan bilir. Azərbaycan silah, ordu və iradə baxımından Ermənistanla müqayisə oluna bilməz. Mən düşünürəm ki, burada ən böyük problem Üçtərəfli bəyannamənin 4-cü bəndidir. Yəni, Dağlıq Qarabağ iqtisadi rayonunda qanunsuz silahlıların, terroçuların tərkisilah edilməsidir. Dağlıq Qarabağ iqtisadi rayonunda, Xankəndidə Azərbaycanın bayrağı dalğalanmalı və qanunları tətbiq edilməlidir. Bunun üçün artıq zaman da yetişib. Gedən proseslər də onu göstərir ki, erməni hərbi-siyasi rəhbərliyi danışıqlar zamanı məhz Dağlıq Qarabağ iqtisadi rayonunu bəhanə etməklə danışıqları manipulyasiya etməyə çalışırlar. Mən deyərdim ki, Azərbaycan zaman müddəti qoyacaq. Və zaman çərçivəsində 4-cü bəndin yerinə yetirilməsini ortaya qoya bilər”. Hərbi ekspertin sözlərinə görə, prinsip cəhətdən Azərbaycanın bayrağı orada dalğalanacaq, qanunu tətbiq ediləcək, oradan qaçqın düşmüş sakinlər öz vətənlərinə qayıdacaq. Rusiyanın sülhməramlıları da orada olmaqla, bu prosesi həyata keçirmək heç də çətin deyil. “Biz bu məsələni həll etsək, eyni zamanda, digər proseslərdə sürətlə həll ediləcək. Hətta qeyd edə bilərəm ki, regionda vəziyyət daha da sabitliyə doğru gedəcək. Azərbaycanın digər addımlarının daha da uğurlu olacağına inanıram”.
Milli Məclisin üzvü Hikmət Babaoğlu İnformator.az.a açıqlamasında qeyd edib ki, sülh əldə olunmadığı təqdirdə müharibə hələ də davam edir. Çünki Ermənistan mövcud reallığı qəbul etmir. “Bu o deməkdir ki, həm Ermənistan və onun himayədarları beynəlxalq hüququ, dövlətlərin ərazi suverenliyini tanımırr. Belə mövqe həm Qarabağ bölgəsində, həm də Azərbaycan-Ermənistan sərhədində vəziyyəti daha da gərginləşdirir”. Hikmət Babaoğlunun sözlərinə görə, hazırda çoxsaylı mənbələr qeyd edirlər ki, Ermənistanda müharibəyə qarşı çox ciddi hazırlıqlar gedir. “Bu, doğrudan da belədir. Azərbaycanın Dağlıq Qarabağ iqtisadi rayonunda hələ də qalmaqda olan erməni terrorçu birliklərinin hərəkətlərini Azərbaycan diqqətlə izləyir. Ərazimizdə terrorçu qruplaşmaları və onların mövqe seçmələri müşayiət olunur ki, bu da şübhəsiz, qarşıdurmaya hazırlıq deməkdir. Ermənistana bu cəsarəti verən regionda sülh istəməyən mərkəzlər yeni müharibə yaratmaq məqsədi daşıyırlar. Əslində, ermənilərin özləri də Azərbaycandan sülh istəmirlər. Belə olduğu halda, toqquşmalar və qarşıdurmalar daha da gərginləşə bilər”. Hikmət Babaoğlu qeyd edib ki, Ermənistanın Baş naziri Azərbaycan ərazilərini sözdə deyil, əməldə də, sülh müqaviləsində də təsdiq etməyənə qədər Azərbaycan suveren hüquqlarını qorumaq hüququnu özündə saxlayır. “Bu hüquqları təhdid edəcək hər hansı bir addım atılarsa, Azərbaycan 44 günlük müharibədən daha sərt, qətiyyətli cavab verməyə hazırdır. Çünki Azərbaycan Ordusu sülh əldə etmək üçün buna hazırdır. Şübhəsiz ki, Ermənistan beynəlxalq ictimaiyyətə vəziyyəti fərqli şəkildə təqdim etməyə çalışır. Bütün bunlar Ermənistanın müharibəyə başlaması üçün yaratdığı yeni təcavüzkar fondur”.
Fatimə Mustafayeva